“Kəpəz”in yarımmüdafiəçisi Tural Rzayevin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 30-cu turunda səfərdə “Səbail”lə 3:3 hesablı heç-heçə etdiniz. Nəticədən razı qaldınız?

– Səfərdən xalla dönmək bizim üçün heç də pis nəticə deyil. Hər xalın dəyəri böyükdür. Amma şəxsən mən qələbə qazanacağımızı düşünürdüm və buna köklənmişdim. Qalib gəlmək üçün kifayət qədər imkanlarımız da oldu. Bütün bunları nəzərə alsaq, heç-heçədən tam razı qala bilmərəm.

– İlk hissəni 2:0 hesabı ilə öndə bitirsəniz də, fasilədən sonra ardıcıl 3 qol buraxdınız. İkinci yarıdakı zəif çıxışınızın səbəbi nədir?

– Əvvəla, onu deyim ki, ilk hissədə oyunun taleyini həll edə bilərdik. İki yox, daha çox qol vurmalıydıq. Sadəcə, son zərbələrdə və ötürmələrdə dəqiqlik çatmadı. İkinci hissədə 3 qol buraxmağımıza gəlincə, fasilədən sonra zəif təsir bağışladığımızı düşünmürəm. Rəqibin ikinci yarıya təzyiqlə başlayacağını bilirdik. İlk dəqiqələrdə buna cavab vermək lazım idi. Daha dəqiq və diqqətli olmalıydıq. Baş məşqçimiz Adil Şükürov da bu yöndə öz tapşırıqlarını vermişdi. Əfsuslar olsun ki, bunu bacara bilmədik.

– “Səbail”in geridönüşündən sonra sanki komandanız psixoloji cəhətdən çökmüşdü. 2:3 hesabı ilə geridə olduğunuz vaxt matçdan xalla ayrılacağınıza inanırdınız?

– İnanın, bu oyunun haqqı məğlubiyyət deyildi. Qeyd etdiyim kimi, ikinci hissədə zəif təsir bağışlamadıq. Fasilədən sonra da bir çox qol imkanı yaratdıq. Düzdür, bərabərlik qolunu son dəqiqələrdə vurduq. Amma “Səbail” 3:2 hesabı ilə öndə olanda belə, məğlub olmayacağımıza inanırdım. Son dəqiqələrdə yaxşı təzyiq etdik. Oyuna baxan hər kəs qolun yaxınlaşdığını görürdü və belə də oldu.

– “Səbail”lə matçda öz oyununuzu necə dəyərləndirirsiniz?

– Təbii ki, öz çıxışımdan narazıyam. Çünki bundan daha yaxşısını edə biləcəyimə əminəm. Sadəcə, oyun praktikamın və ritmimin az olması bəzi məqamlarda özünü göstərir. Əslində, özümü hər zaman hazır saxlayıram ki, şans gələndə komandaya köməyim dəysin. Bu oyunda da maksimum çalışdım ki, komanda üçün ən yaxşısını edim.

– Növbəti turda “Sabah”la qarşılaşacaqsınız. Bu matçda hansı nəticəyə ümid edirsiniz?

– “Sabah”a hörmətlə yanaşırıq, çox yaxşı heyətləri var. Amma bu oyunda hədəfimiz yalnız qələbədir. İnşallah ki, istədiyimiz oyunu göstərib qələbə qazanarıq.

– Hazırda sonuncu pillədə qərarlaşan “Qəbələ”dən 15 xal öndəsiniz. Sizcə, rəqibin bu qədər xal fərqini aradan qaldırması mümkündür?

– Məncə, bu fərqi aradan qaldırmaq mümkün olmayacaq. Lakin ümid edirəm ki, Premyer Liqada komanda sayı 12-yə qaldırılar və heç kim liqanı tərk etməz.

– Uzun müddətdir “Kəpəz”də oynayırsınız, bu müddətdə müxtəlif məşqçilərlə işləmisiniz. Adil Şükürov əvvəlki məşqçilərdən hansı xüsusiyyətinə görə fərqlənir?

– “Kəpəz”də uzun illər ərzində 7 müxtəlif məşqçi ilə çalışmışam. Hər məşqçinin öz tərzi, özünə uyğun yanaşması var. Buna görə də fərqləndirmək istəməzdim. Adil müəllim haqqında onu deyə bilərəm ki, çox yaxşı insan və olduqca bacarıqlı məşqçidir. Bunu həm “Zirə”də işlədiyi dövrdə, həm də indi “Kəpəz”də göstərdiyi nəticələrlə sübut edir. Düşünürəm ki, həm futbolçulara yanaşması, onlarla olan dialoqu, həm də tətbiq etmək istədiyi oyun tərzi ilə gələcəkdə daha da böyük uğurlar qazana bilər.

FƏRİD

Shares: