AFFA milli komandaların məşqçiləri ilə yeni müqavlə imzalayıb. Daha doğrusu, onların mövcud anlaşmaları iyunun sonuna kimi uzadılıb.

Yığma məşqçiləri ilə bağlı məsələlərə İcraiyyə Komitəsinin iclaslarında aydınlıq gəlir. Lakin AFFA-da məlum rəhbər dəyişiklikləri üzündən məsələ bugünədək həllini tapmayıb. Aprelin 2-də Hesabat-Seçki Konfransı keçirildiyindən, aşağı yaş qrupları millilərinin məşqçilər ilə bağlı məsələ indiyədək açıq qalıb.

Əvvəlki rəhbərlik ötən ilin sonunda müqaviləsi bitən yığma məşqçiləri ilə bağlı qərar verməmişdi. Rəhbər dəyişikliyinin reallaşacağı aydın olduğundan, milli komandalara məşqçi seçmək ixtiyarı yenilərə saxlanılmışdı. Bu səbəbdən daxili qərarla hamının anlaşması 3 aylıq uzadılmışdı. Bu müddət də kifayət etməyib, aprelin 2-də yığışan İK-nın yeni heyəti məsələyə növbəti iclasda baxmağı qərara alıb.

Komitənin növbəti iclası mayın əvvəlinə planlaşdırılır. Bu müddətdə isə komandalar başsız qala bilməz. Bu üzdən AFFA rəsmiləri növbəti dəfə daxili qərarla prosesi dondurub, anlaşmaların müddətini daha 3 ay uzadıb. Mayın əvvəlində, hətta ola bilsin, yayda aşağı yaş qruplarından olan yığmaların taleyi barədə yekun qərarlar veriləcək, təyinatlar rəsmiləşəcək.

Əsas milli komandanın baş məşqçi postu isə boşdur. İstefaya göndərilən Canni de Byazinin köməkçisi olmuş Arif Əsədov da növbəti təyinata kimi iş başında olacaq.

Shares: