Milli komandamızın baş məşqçi postuna daha bir namizədin adına aydınlıq gəlib. Növbəti dəfə əcnəbi çalışdırıcıya üstünlük verəcək AFFA-nın siyahısında isveçrəli mütəxəssisin də adı var.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, hazırda AFFA rəhbərliyi 10-a yaxın məşqçinin namizədliyini müzakirə edir, danışıqlar aparır. Onların arasında Urs Fişer də var.
Futbolçu kimi “Sent Qallen” və “Sirux”də çıxış etmiş Fişerin ilk iş yeri son klubunun akademiyası olub. 2003-cü ildə “Sürix”də məşqçi karyerasına başlayan mütəxəssis, müxtəlif yaşlı uşaqlarla işləyərək pillə-pillə irəliləyib və 2010-cu ildə əsas komandada baş məşqçi olub.
2012-də istefaya göndərildikdən sonra 8 ay işsiz qalan Fişer 2013-ün yanvarında sonradan 2,5 il çalışacağı “Tyun”un baş məşqçisi olub. Urs daha sonra 2 il “Bazel”in baş məşqçisi olub və 2017-18-ci illərdə işsiz olub. 58 yaşlı mütəxəssisin ən böyük uğuru Almaniyada qeydə alınıb – ölkə xaricinə çıxdıqdan sonra 2018-ci ilin yayında “Union Berlin”ə təyinat alıb və bu klubu ən yüksək səviyyəyə qaldırıb.
Almaniya klubunu Çempionlar Liqasının qrupuna kmi yüksəldən Fişer, cari mövsümdə uğursuz nəticələr sıralanınca 5 illik iş yerindən ayrılıb. Ötən ilin sonunda Berlinlə vidalaşan mütəxəssis hazırda işsizdir.
Milli komandamızda Canni de Byazinin xələfi olmağa əsas namizədlərdən sayılan Fişerin AFFA-dan uzunmüddətli müqavilə tələb etdiyi bildirilir.