Futbol üzrə avrokuboklar mövsümündə həlledici mərhələlərdir. Artıq kuboklar uğrunda mübarizə aparacaq 12 komanda qalıb. Bu həftə keçirilən ¼ final mərhələsinin cavab qarşılaşmalarından sonra ən diqqətçəkən məqam İngiltərə klublarının uğursuz nəticələridir.

Əslində, ötən həftə ilk oyunlar zamanı müəyyən qədər təhlükənin olduğu görünürdü. “Liverpul”un evdə “Atalanta”ya 0:3 hesablı məğlubiyyəti, “Vest Hem” və “Arsenal”ın oyunu fiaskodan xəbər verirdi. Lakin bütün bunları daha da şiddətli edən “Mançester Siti”nin mübarizədən kənarda qalması oldu.

5 klubdan 4-ü ¼ finalda mübarizəni dayandırdı. Sonuncu dəfə 9 il əvvəl İngiltərə klubları belə uğursuz çıxış etmişdilər.

Bu mövsümə nəzər salsaq, ilkin mərhələdən qənaətbəxş olmayan nəticələri görmək olar. Çempionlar Liqasının qrup mərhələsində “Nyukasl” və “Mançester Yunayted” 4-cü yeri tutaraq avrokubok mövsümün bitirdi.

Bütün bunları daha da acınacaqlı edən amil gələn mövsümdən etibarən reqlamentdəki dəyişikliklərdir. Məlum olduğu kimi, yeni mövsümdə iki ölkə 5 komanda ilə Çempionlar Liqasında təmsil oluna bilər. Bu iki vəsiqə son, yəni cari mövsümdə ən yüksək əmsal yığan ölkəyə veriləcək.

Hazırda İtaliya artıq dünənki oyunlardan sonra bu vəsiqələrdən birini rəsmiləşdirib.  Bu ölkənin klubları cari mövsüm 19,428 bal toplayıb. İkinci sırada Almaniya 17,928 balla qərarlaşıb. Üçüncü yerdə olanların İtaliyaya çatmaq şansı qalmayıb. Ondan sonrakı yerlərdə olanlar da yalnız Almaniyanı sıxışdıra bilər. Lakin nəzərə alsaq ki, İngiltərənin turnirlərdə yalnız bir təmsilçisi qalıb, bunun mümkünsüz olduğunu görə bilərik.

Almaniyanın 3 komandası mübarizəni davam etdirir. Bundan sonrakı oyunlarda “Aston Villa”nın qazanacağı xallar yalnız almanları cüzi miqdarda keçməyə kömək edə bilər. Amma bunun üçün Almaniyanın klubları xal toplamamalıdır. Bu da əlbəttə ki, inandırıcı görünmür. Çünki 29 ildən sonra Almaniyanın 3 komandası eyni vaxtda yarımfinalda oynayacaq və onların hamısının uduzması inandırıcı deyil.

741892a2 fb81 4050 98ed d66961232b6d - Futbolinfo.az

Bütün bunları nəzərə alsaq, gələn Çempionlar Liqasında İtaliya və Almaniyadan 5 klub olacağını söyləyə bilərik. Hazırda A seriyasında 5-ci pillədə “Roma” qərarlaşıb. Bundesliqada isə “Leypsiq” və “Borussiya” (Dortmund) eyni xala malikdir. Bu tura qədər 4-cü yer uğrunda mübarizə aparan bu iki komandanın artıq indidən sonra çox əziyyət çəkmələrinə də ehtiyac qalmır.

Mövsümün nəticələrinə görə qeyri-adi hadisə də baş verə bilər. İtaliya gələn mövsüm Çempionlar Liqasında 6 komanda ilə təmsil olunmağa yaxındır. Buvaxta qədər tarixdə belə bir şey baş verməyib. Hadisənin reallaşması üçün “Atalanta”nın Avroliqada qalib olması lazımdır. Berqamo təmsilçisi A Seriyasında da 5-ci yer uğrunda mübarizə aparır. Çempionatda 5-cidən aşağı yeri tutduğu və Avroliqanı qazandığı halda İtaliyadan 6 komanda Çempionlar Liqasında çıxış edəcək.

İLQAR AĞAYEV

Shares: