Norveçlə oyuna sayılı günlər qala yığmamız Serbiya ilə yoxlama görüşündə son sınağına çıxdı. Robert Prosineçkinin "Qarabağ"ın bir neçə əsas oyunçusuna start heyətində yer verməməsi təqdirəlayiq haldı. Ölkə kubokunun finalından sonra "qızıl dubl"u rəsmiləşdirən futbolçulara oyun praktikasından çox istirahət gərək idi ki, xorvatiyalı mütəxəssis də lazım olanı etdi. Rəşad Sadıqovla Bədavi Hüseynovun hərəyə 1 hissə oynaması da Prosineçkinin əsas silahlarını məsul görüş öncəsi yükləməmək arzusundan qaynaqlanırdı.
Komandamızı Berti Foqts dönəmi ilə müqayisə etmək tərəfdarı deyilik. Alman bir "qara ləkə" idi, silinməsə də, artıq tarixin yaddaşına köçüb. Yəni, indi Prosineçkini sələfi ilə müqayisə edib, tərif yağdırmağı doğru saymırıq. Yığmamız daha çox hücuma qoşulsa da, topa nəzarətdə rəqibini üstələsə də, faydalı iş əmsalında bunun əksini tapmaq mümkün deyil. Çünki topa nəzarət etdikdə, hücum qurucuları və ifaçıları ya boş zonalar tapmalı, ya fərdi ustalığa sahib olmalı, ya da"divar paslaşması"ndan sonra fantastik start sürətinə malik olmalıdılar. Azərbaycanda belələri yoxdu. Bax buna görə də 90 dəqiqə ərzində vurulan yeganə qol düşünülmüş kombinasiyanın məntiqi sonluğu deyildi.
Komandamızın motivasiyası, müxtəlif ev tapşırıqları barədə danışmağa zərurət duymuruq. Çünki qarşıdan Norveçlə görüş gəlir və skandinaviyalıların nümayəndələrinin də izlədiyi matçda bütün kartları açmaq Prosineçki tərəfindən sadəlövhlük olardı. Amma bəzi məqamlara diqqət yetirmək gərəkdi.
Əvvəla, Kamran Ağayev barədə. 3 gün kəsiyində "Kayserispor"un qapıçısında 180 dərəcə dönüş yaranacağı inandırıcı görünmür. Buraxılan iki və dördüncü qolları gördükdən sonra isə bir şeyi indidən əminliklə söyləyə bilərik: Norveç hər imkan düşdükcə qapımzı uzaq məsafədən yoxlayacaq. Buna Ağayevin inamsız oyunu təkan verdi. Bu fikirlə də razı deyilik ki, "qapını Kamran qorumalı deyildi". Prosineçki özünə düşmən deyil. Kimin daha hazırlıqlı olduğunu xorvatiyalıdan yaxşı bilən yoxdu. "Bunu oynat, onu oynat" demək isə, sadəcə, dilletanlıqdı. Hər halda Prosineçki maksimal nəticəyə can atmağa məhkumdu (həm imic, həm də mükafat almaq naminə) və belədə, "nəyə görə Kamran" sualına cavab aksiom halını alır: hazırda ondan yaxşı qapıçımız yoxdu.   
Raşıd-Bədavi tandeminin "parçalanması" (hərəsinin bir hissə oynaması) ciddi siqnaldı. Daha dəqiq olsaq, Rəşad Bədavisiz oynaya bilirsə, Hüseynovun kapitansız "axsaması" xoşagələn hal deyil. Çünki Sadıqov butslarını "mismardan asdıqdan" sonra bütün yük məhz 22 yaşlı dağıstanlı müdafiəçinin üzərinə düşəcək. Qapımızda görüdüyümüz 3-cü qol məhz Hüseynovun dirijorluğa hazır olmamasını aşkar şəkildə büruzə verdi. Hər standart vəziyyətdən sonra qapımız qarşısında yaranan "qısa qapanma" Prosineçkinin hələ də yığmamızı "standart vəziyyət mərəzi"ndən xilas edə bilmədiyini göstərdi. 
Nəzərə alsaq ki, komandamız hücumda heç vaxt yaradıcılıqla seçilməyib, Norveçlə görüşdə əsas yükün müdafiə və yarımmüdafiənin üzərinə düşəcəyini söyləməliyik. Cavid Hüseynovun mərkəz yarəmmüdafiəçisi mövqeyində buraxdığı çoxsaylı səhvlər də hücum quruculuğunda əziyyət çəkəcəyimizi proqnozlaşdırmağa əsas verir.
Forvard baxımından da nikbin danışmağa əsasımız yoxdu. Ruslan Qurbanov formada deyil, ümid qalıb Dmitri Nazarova ki, o da texnika sarıdan heç vaxt seçilməyib. Uzaq məsafələrdən zərbə endirməyə meylli olan "Karlsrue"nin futbolçusu bunu serblərlə oyunda da nümayiş etdirdi. Lakin skandinaviyalılara qarşı oyunda bizə uzaq məsafədən deyil, sürətli reydlər və müdafiəçilərin arxalarına atılan ötürmələr lazım olacaq. Ucaboy norveçlilərin müdafiə xətti həmişə "ağırayaqlığı" ilə seçilib və bundan istifadə yolunu yuxarıda göstərdik.
Yazını bədbin notlarla tamamlamaq istəməzdik. Buna görə də bir tarixi yadınıza salmaq istəyərdik. "Rusenborq" – "Qarabağ" cütlüyündə norveçlilər aşkar favorit idilər. Bu, 2009-cu ildə, "Qarabağ"ın indiki əzəmət sahibi olmadığı bir vaxtda baş vermişdi. "Qısa qapanma" müsbət effekt də verə bilir ki, Ağdam klubunda bu, baş vermişdi. Qarşıdan "Rusenborq"un vətəni – Norveçlə oyun gəlir. Millimizin "birinci skripkası" isə "Qarabağ"dı. Qalır daha bir "qısa qapanma"nın baş tutması…
AĞA
Shares: