Vüqar Nadirovun gözlənilmədən “Qarabağ”dan ayrılması ağdamlı fanatların narazılığına səbəb olub. Bu kluba könül verən “İmarət” azarkeş qrupunun üzvləri artıq sosial şəbəkədən etiraza start verib.
Fanatlar Nadirovun “Qarabağ”dan getməsini ona qarşı olan haqsızlıq kimi dəyərləndiriblər. Bunu saytımıza açıqlamasında “İmarət”in idarə heyətinin üzvü Elnur Quliyev bildirib: “Müqaviləsi başa çatan futbolçuları bazaya dəvət ediblər. Vüqara isə layiq olmadığı təklifi edilib. Yox, komanda əgər bu qədər peşəkarlaşıbsa, gedib Ağdamda oynasın. Bütün ağdamlılar, futboldan başı çıxan, çıxmayan Vüqara görə “Qarabağ”a azarkeşlik edirdi. Bizdən komandada “ağdamlı varmı” sualını soruşanda fəxrlə Nadirovu göstərirdik. Bundan sonra fəxrlə kimi göstərək? Almeydanı?”
Azarkeşlər Nadirovun “Qarabağ”dan ayrılmasını klub rəhbərliyinin həm onlara, həm də futbolçuya qarşı edilmiş haqsızlıq kimi qiymətləndirirlər: “Onun əmisi Adil Nadirovun da “Qarabağ”a misilsiz xidmətləri olub. Atası Ağdamın işğal günü şəhid olub. Düzdü, ola bilər ki, Qurban Qurbanovun taktiki cəhətdən Vüqara ehtiyacı olmayıb. Heç olmasa, ehtiyatda saxlayardılar. O, bu komandada yetişib, 10 ildi buradadı. Bu, təkcə Vüqara qarşı yox, həm də klubun azarkeşlərinə rəhbərliyin hörmətsizliyidi”.
Azarkeşlərin narazı olmağa haqqı var və ümumiyyətlə, hansısa oyunçuya görə etiraz səslərini qaldırmaları əla nümunədi. Ancaq o da var ki, Vüqar nə əvvəlki yaşda, nə də oyunçu səviyyəsində deyil. Bunu son oyunların statistikası da göstərir.
Nadirova əvvəl oynadığı şərtlərə uyğun müqavilə təklif edilməyibsə, deməli, o da öz durumuna baxmalı, nələri isə düşünməli, müəyyən güzəştə getməlidi. Onsuz da, bundan sonra onu hansısa iddialı klubumuzda görə bilməyəcəyik. Klub ötən illər ərzində onun əməyini yaxşı dəyərləndirib ki, indiyədək “Qarabağ” forması geyib. Ağdamlı olması onun ömrünün sonunadək burada qalmasına əsas ola bilməz.
“Qarabağ” rəhbərliyini isə Vüqarı saxlamadığına görə qınamaq doğru deyil. Ağdam klubunun rəsmilərini yeni nadirovların yetişməməsinə görə suçlamaq daha doğru olar. Bəli, “Qarabağ”da ağdamlıların sayı çox olmalıdı, amma yeni gənclərin sayəsində, daha Vüqarın məcburən heyətdə saxlanılması ilə yox.
Shares: