Dünən Azərbaycan millisi növbəti yoxlama matçına çıxıb. Robert Prosineçkinin rəhbərliyi altında Serbiya ilə üz-üzə gələn yığmamız darmadağın olub. Bir neçə gün sonra Norveçlə maçta çıxacaq komandamız həmin oyunda uğurlu nəticə qazanmaqla bağlı ümid vermədi. 
Artıq 6 aydı ki, milli komandamıza rəhbərlik edən Robert Prosineçki serblərlə görüşdə nəyi düzgün etmədi? Norveçlə matçda hansı nəticəyə ümid etmək olar? Maraqlıdı, digər idman portallarında çalışan həmkarlarmız bu haqda nə düşünür?
İlkin Xəlilov (Azad Azərbaycan Televizyası): "Şəxsən öz adımdan deyə  bilərəm ki, oyun haqqında ətraflı danışmağa ehtiyac yoxdu. Matçda qeydə alınan nəticə hər şeyi deyir. Bu, Norveçlə oyunöncəsi komandamızın gücünə, qüvvəsinə baxış məqsədi daşıyırdı. Ortaya çıxan nəticə budu ki, bizim bu gün Norveçlə mübarizə aparacaq,  AFFA-dakıların dediyi kimi, qrupda 3-cü yerə çıxıb pley-off-da mübarizə aparacaq gücümüz yoxdu. Bu oyunla Norveç qarşısında nəyəsə ümid etmək sadəlövhlükdü. Düzdü, qarşıdakı oyunda təsadüf də ola bilər, amma mən heç buna da inanmıram. Qısası, dünənki qarşılaşma məndə çox bədbin fikirlər formalaşdırdı. Ən böyük biabırçılıq odu ki, komandada normal hücumçu yoxdu. Ruslan Qurbanov, Mirzəbəyov kimi futbolçuların çempionatda heç bir nəticəsi olmadığı halda meydana buraxılıb. Yalnız Nazarovun ustalığını qeyd etmək olar. Həqiqətən də çox gözəl qol oldu. 2-ci Bundesliqada çıxış etsə də, səviyyə öz sözünü deyir. Başqa kimə ümid etmək lazımdı? Xal qazanmaq üçün qol vurmaq lazımdı. Amma qolu kim vuracaq bilmirəm. Müdafiə də dünən çox bərbad təsir bağışladı. Serblər standart vəziyyətlərdə çox təhlükəli idi. Nəzərə almaq lazımdı ki, Norveç də standart vəziyyətlərdən çox yaxşı yararlana bilirlər və serblər kimi onlarda ucaboy futbolçulara malikdilər, onda vay bizim halımıza. Komandamız 90 dəqiqə ərzində standart vəziyyətlərdə rəqib qarşısında necə tab gətirəcəyi mənə də qaranlıqdı. Prosineçki komandada başdan-ayağa hər şeyi dəyişməlidi. Guya, komandada düz olan nə var ki? Sadəcə, necə və kimlə dəyişməlidi? Bu, artıq başqa sualdı. Elə bir futbolçu yoxdu ki, meydana buraxasan, oynaya. Çempionatda oynayan bütün hücumçuların statistikasına baxsaq, görərik ki, meydanda üzümüzü ağardacaq futbolçu yoxdu".
Elçin Cəlilov (Futbolpress.az): "Serbiya yığması ilә gücünü sınamaq Azәrbaycan millisi üçün çox yaxşı imkan demәk idi. Rәqibin heyәtinә baxsaq vә Azәrbaycan komandası ilә müqayisә aparsaq, 4:1 mәğlubiyyәt normaldı. Normal olan daha bir şey isә Prosineçkinin Foqtsdan fәrqli olaraq yoldaşlıq matçına da rәsmi oyun kimi yanaşmaması, eksperimentlәr etməsidi. Foqts olsaydı, güman ki, heyәt sabit qalacaqdı vә 1-2 top buraxıb, komandanı kәşf etmәk imkanlarını basdıracaqdı. Normal olmayan isә odu ki, Prosineçki heyәtlә bağlı bәzi ibtidai davranışlar göstәrir. Mәsәlәn, müdafiә ilә orta xәttin rabitәsi yox kimi idi. Ona görә rәqib yüklәnәndә müdafiәdәn kobud sәhvlәr buraxıldı. Dayaq yarımmüdafiәsindә yaradıcı tipli oyunçu "ixtira etmәk" lazımdı. Nә qәdәr olar, Rahid aşkar hücum qurulası durumda topu ora-bura "dağıtsın". Elә bil, adam beyninә hәkk edib ki, irәliyә, hücum qurmağa pas imkanı olsa belә, bunu etmәmәlidi. Coşqun Diniyevlә, "Qәbәlә"dәki Camalovu yavaş-yavaş o bölgədə sınamağa dәyәr. Üstәlik, komandanın psixoloji hazırlığında ciddi axsamalar var. Prosineçki işin bu yönünü çözmәlidi. Serbiya ilә oyunda, fikrimcә, komandanın üstün vә zәif cәhәtlәrini aşkarlamaq mümkün oldu. Rәngarәng oyun tәrzi buna imkan verdi. Tәkrar bildirim, әvvәlki illәrdә rәsmi oyunla yoxlama vә yoldaşlıq matçları arasında fәrq hiss olunmurdu. Ona görә dә dәyişiliklәr üçün yeni paraqraflar müәyyәnlәşdirmәk çәtin olurdu. Dünәnki oyunda isә әn azı üç detal üzrә tәxirәsalınmaz tәdbir üçün arqumentlәr aşkarlandı:
1. Xәtlәrarası әlaqә üçün "güc vә ağıl" mәrkәzlәri yaratmaq. 
2. Psixoloji adaptasiyanı tәmin etmәk. 
3. Optimal heyәtin müәyyәnlәşdirilmәsindә bütün fikir vә tәkliflәri nәzәrdәn keçirmәk.
Xüsusәn, son bәnd subyektiv yanaşma olsa da, hazırkı mәqamda çox vacibdi. Serbiya ilә matçın nәticәsindәn asılı olmayaraq, hesab edirәm ki, bu oyun Norveçlә qarşılaşmaya yanaşma predmetlәrinin konkret müәyyәnlәşmәsi baxımdan çox faydalı oldu".
Amal Abuşov (Sport7.az): "Dünən start heyəti görəndən sonra bir daha başa düşdüm ki, Robert Prosineçki məşqçi kimi öz ideyalarını və əxlaqi prinsiplərini arxa plana atıb. Çalışdığın ölkəyə nə qədər hörmət etməməlisən ki, start heyətin tam yarısını "milliləşdirilmiş" futbolçulardan qurasan? Onun üçün yeganə dəyər Elxan Məmmədovun könlünü xoş etməkdi. Baş katib və onun sadiq qulluqçusu bizimlə futbol dilində danışmır. Bundan sonra bizdən də adekvat cavab almalıdılar. Belə məqamlarda hesab da, meydanda sərgilənən oyun da arxa plana keçir. Bir azərbaycanlı kimi mənim üçün bizim belə alçaldılmağımız çox ciddi məsələdi. 8 milyonluq ölkənin futbolçulara o qədərmi acizdi ki, Ruslana, Maqomedə belə möhtac olmuşuq? Hesabın böyük olacağını da gözləyirdim. Çünki Azərbaycan millisi meydanda varlıq göstərə bilməyən uşaqların yığınıydı. Norveçlə oyuna qədər AFFA-nın futbola baxışı və baş katibi dəyişməlidi. Bəlkə, onda Prosineçki məşqçi kimi nə bacardığını sərgiləməyə çalışar. Əks halda, həmin qarşılaşmadan daha böyük hesabla məğlubiyyət gözləmək realdı".
Kənan Məstəliyev (rekord.az): "Dünənki matçda komandamız belə məğlubiyyətə layiq deyildi. Kamran Ağayevin yersiz səhvləri olmasaydı, durum fərqli olacaqdı. Milli isə xoşuma gəldi. Kombinasiya qurmaq istəyi, oyunun bəlli bölümlərində pressinq cəhdləri yaxşı idi. Millinin hücumçu problemi olduğu da üzə çıxdı. Prosineçki növbəti dəfə Nurlan Novruzovun xidmətlərindən imtinanın əziyyətini çəkir. Əslində, o da böyük fərq yaratmayacaqdı, ancaq azından cəhd etmək olardı. Dəyişikliyə ehtiyac görmürəm. Çünki əldə material yoxdu. Ancaq Prosineçki biraz daha cəsarətli olmalı, riskli addımlar atmalıdı. Başqa cür məğlubiyyətdən qaçmaq mümkünsüzdü. O ki, qaldı Norveçdən xalla dönməymizə, ümid həmişə var. Norveç Avropa nəhəngi deyil. Bu komandanı Bakıda da yenə bilərdik, ancaq Foqts əngəlinə ilişdik. Prosineçki Norveçdən 1 xalla qayıda bilər. Bunu ondan istəyə bilərik.
Rəşad Ergün (Komanda.az): "Biz bir şeyi başa düşməliyik ki, baş məşqçi dəyişməklə, 2-3 futbolçunun dəyişməsi ilə millinin nəticələri dəyişə bilməz. Prosineçki olmasın, Mourinyo olsun, Türkiyənin aşağı liqası səviyyəsində olmayan futbolçularla nəyə nail ola bilər? Biz həmişə Malta kimi rəqibləri udub, təsəlli tapacağıq. Azərbaycan futbolu ac vaxtında da Maltadan güclü idi də, güclü deyildi? İndi nə dəyişib ki? Yenə xorvatlar, serblər bizi darmadağın edir, ac vaxtımızda da darmadağın edirdilər. Heç olmasa, o illərdə arabir sürprizlər olurdu, serbləri büdrədə bilirdik. İndi isə heç kimə lazım olmayan oyunda qapımıza 4 qol vururlar. Rəsmi oyun olsaydı, yəqin hesab daha böyük olardı. Heç nə dəyişməyəcək bu sistemlə, qardaş. Nə qədər ki, Elxan Məmmədov futbolu təkbaşına idarə edir, saxta rəqəmlərlə oynayır, heç nə dəyişməyəcək. Norveçə gəlincə, elə də güclü komanda deyil. Amma siz qələbə, ya da heç-heçə istəyirsizsə, möcüzəyə ümid edin.
ELMAR ABDULLA-ZADƏ
Shares: