“Zirə” Premyer Liqada uğurlu debüt etmək üçün heyətini gücləndirir. Kamal Bayramov, Rəşad Abdullayev və Tərzin Cahangirovu heyətinə qatan debütantın bundan sonra da transfer bazarında aktiv olacağı gözlənilir. Maraqlıdı, “Zirə” daha neçə futbolçunu heyətinə qatacaq? Ümumiyyətlə, komandanın elitada hansı iddia ilə çıxış edəcək? 
Saytımıza müsahibə verən paytaxt klubunun baş məşqçisi Adil Şükürov bu suallarla yanaşı, bir sıra maraqlı məqamlara da aydınlıq gətirib.
– Adil bəy, “Zirə”nin təlim-məşq toplanışı proqramı bəllidi? 
– Təlim-məşq toplanışının ilk mərhələsini Bakıda, ikincini isə ölkə xaricində keçirməyi planlaşdırırıq. Sadəcə, bəzi detalları dəqiqləşdirmək lazımdı. Ayın 22-dən sonra futbolçular həkim müayinəsindən keçəcək. Hazırlıq üçün Türkiyəyə üz tutacağımız da istisna deyil. 
– Maraqlıdı, klub rəhbərliyi qarşıdakı mövsümdə sizlə yola davam edəcək?
– Bu barədə söhbət də yoxdu. Danışıq da olmayıb. Bugünkü gündə burada mənəmsə, deməli, yeni bir dəyişiklik yoxdu.
– Premyer Liqada necə bir “Zirə” izləyəcəyik?
– Cavan, mübariz, perespektivli komanda görəcəksiz. Elitada güclənməklə yanaşı, mümkün qədər yüksək nəticə göstərmək istəyirik. Turnir cədvəlinin üst pillələrində yer alsaq, daha yaxşı olar.
– Hazırda bir sıra klublarımızda maddi problemlər var. Bu səbəbdən əksər klublarımızın növbəti mövsümdə iddialı olmayacağı gözlənilir. Bu, sizin işinizə yaraya bilərmi?
– O da ola bilər. Ancaq nəzərə almaq lazımdı ki, problemlər olduğu klublarımız elitada bizdən daha təcrübəlidi. Onlar bizdən üstünlükləri var. Buna baxmayaraq, biz də öz sözümüzü deməyə çalışacağıq. 
– Ötən mövsüm “Araz Naxçıvan” elitaya vəsiqə qazananda “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov bildirmişdi ki, debütantla maddi problemi olan “Bakı” onların Premyer Liqada əsas rəqibləri olacaq. Bəs sizin əsas rəqibləriniz kimlərdi? 
– Elitada çıxış edən bütün komandalar bizim rəqibimiz olacaq. Premyer Liqaya qapazaltı olmaq üçün çıxmamışıq. Hamısı ilə sonadək mübarizə aparacağıq.
– Heyətə cəlb olunan futbolçular barədə nə deyə bilrəsiz?
– Tərzin Cahangirov Premyer Liqa təcrübəsi olan cavan və perespektivli fubtolçudu. Rəşad Abdullayev də öz sözünü demiş, tanınmış oyunçudu. Cavanlarla orta yaşlı futbolçuların sintezin yaratmaq istəyirik ki, nə çox qoca, nə də cavan olaq. Təcrübəlilərlə cavanların gücünü birləşdirməklə döyüşkən kollektiv formalaşdırmaq istəyirik.
– Yəqin ki, bundan sonra da heyətə yeni futbolçular cəlb olunacaq…
– Təbii ki, bizə yeni oyunçular lazımdı. Özümüzdə olan oyunçulardan da istifadə edəcəyik. Düzdü, əksəriyyətinin bizlə olan müqaviləsinin müddəti başa çatıb. Ancaq bizə kömək edə biləcək futbolçuların xidmətinin yararlanmaq lazımdı. Onların cari mövsümdəki çıxışlarına nəzər yetirəcəyik. Bu barədə müzakirə aparıq, sonda qərar verəcəyik.  Bu uşaqlar bizimlə bərabər olublar. Ancaq indi reallığa baxmaq lazımdı. Komandada  Premyer Liqada oynaya biləcək futbolçu qalmalıdı.
– Mübariz komanda formalaşdırmaq üçün bundan sonra neçə fubtolçuya ehtiyacınız var?
– Mümkün qədər çox. Elita təcrübəsinin olması əsas şərtlərdən biridi. Çünki təcrübəsi olan futbolçular tapşırığı yerinə yetirməkdə çətinlik çəkmir. “Zirə”də sürpriz adlar da görməyiniz istisna deyil. 
– Vüqar Nadirov bu gün “Qarabağ”dan ayrılıb. Nadirov “Zirə”də peyda ola bilərmi? 
– Bu barədə düşünməmişdik. İndi görək, o, bizə razılıq verə bilər, yoxsa yox. Heç onunla danışmamışıq da. Belə futbolçu ilə hansı məşqçi çalışmaq istəməz ki? Vüqar güclü futbolçudu.
EMİN SƏFƏROV
Shares: