“Qarabağ”ın sabiq hücumçusu İnnosent Emeqara Ağdam klubunun cari mövsümdəki çıxışına münasibət bildirib.

34 yaşlı keçmiş forvard futbolinfo.az saytına açıqlamasında Ağdam təmsilçisinin Azərbaycan çempionu olmasına təəccüblənmədiyini bildirib: “Qarabağ”ın oyunları indi də diqqətimdə olur. Çalışıram ki, ən azı görüşlərin təhlükəli epizodlarına baxım. “Qarabağ” bu dəfə də vaxtından əvvəl çempionluğu təmin etdi. Bu da komandadakı möhkəm birliyin davam etdiyini, stabilliyin qorunduğunu göstərir. Orada elə kollektiv formalaşıb ki, komandanın hegemonluğunu kiminsə qısa müddətdə qıracağına inanmıram”.

İsveçrə millisinin də formasını geyinmiş Emeqara “Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə (2:2, 2:3) görüşlərini də xatırlayıb. O, Azərbaycan təmsilçisinin mərhələ adlamamasına üzüldüyünü deyib: “Qarabağ”ın Avropa Liqasında “Bayer”ə qarşı sərgilədiyi oyun məni heyrətə gətirdi. Açığı, Avropanın ən yaxşı formada olan komandasına qarşı belə mübarizəni gözləmirdim. Yəqin razılaşarsız ki, Azərbaycanla Almaniya futbolu müqayisəolunmazdır. Belə vəziyyətdə kim “Qarabağ”ın Bundesliqa çempionuna bu dərəcədə çətin anlar yaşadacağına inanırdı? Məncə, heç kim. Bir az qəribə səslənə bilər, amma “Bayer”in bəxti gətirdi”.

Qeyd edək ki, Emeqara 2014-15 və 2018-19 mövsümlərində “Qarabağ”ın formasını geyinib.

Shares: