Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Vidadi Rzayevin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasında XXXII tura şənbə günü “Sabah” – “Səbail” matçı ilə start veriləcək. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?
– Məncə, “Sabah” bu oyunda qalib gələcək. Çünki hazırda turnir cədvəlində 5-ci pillədə qərarlaşıblar və avrokuboklara vəsiqə qazanmaq üçün onlara qələbə lazımdır. Həm də evdə oynadığı üçün üstünlüyü “Sabah”a verərdim. Meydanı 3 xalla tərk etməyə məcburdurlar. Əks halda, avrokubok zonasından uzaq düşə bilərlər.
– “Qəbələ” və “Kəpəz” arasında keçiriləcək autsayderlərin dueli də maraqla gözlənilir. Vaxtilə çalışdığınız Gəncə klubu hazırda rəqibindən 14 xal öndədir. “Kəpəz” üçün Premyer Liqanı tərk etmək təhlükəsinin sovuşduğunu demək olar? “Qəbələ”nin bu görüşdə qalib gəlməklə nəyəsə ümid etməsi mümkündür?
– Mövsümün sonuna cəmi 5 tur qalıb. “Qəbələ”nin “Kəpəz”i keçəcəyi inandırıcı gəlmir. Bəlkə də bu görüşdə heç-heçənin qeydə alınacağı daha inandırıcıdır. Amma Kaxaber Sxadadzenin açıqlamasını oxudum. “Kəpəz”lə ölüm-dirim savaşına çıxacaqlarını bildirib. Bununla belə, “Kəpəz”in məğlub olacağını gözləmirəm.
– Sizin üçün doğma olan digər klub – “Neftçi” isə “Turan Tovuz”u qəbul edəcək. Yeri gəlmişkən, hər iki komanda ötən turu məğlubiyyətlə başa vurub…
– “Neftçi” hazırda 4-cü yerdədir. “Sabah”ın bu tur onları keçmək imkanı var. Buna görə “Neftçi”yə də ancaq qələbə lazımdır. Əlbəttə, komandanın cari mövsümdəki çıxışı ürəkaçan deyil. Ötən tur məğlub olmaqları bir yana, 10 nəfərlə qalan “Zirə”yə uduzdular. Matçdan sonra da baş məşqçiləri deyir ki, bu, çempionatda ən yaxşı oyunumuz idi. Bilmirəm, ələ salır, nədir, başım çıxmır. Bu oyun da onlar üçün çətin keçəcək, “Turan Tovuz” asan təslim olmayacaq. “Neftçi” avrokuboklara çıxmaq şansını itirməmək üçün mütləq qalib gəlməlidir. “Turan Tovuz”la aralarında çox xal fərqi yoxdur və qonaqlar bu görüşdə qalib gələcəkləri təqdirdə, “Neftçi” ilə xal fərqini 2-yə endirəcəklər. Amma mənə elə gəlir ki, qarşılaşma “Neftçi”nin qələbəsi ilə bitəcək.
– Keçək “Sumqayıt” – “Qarabağ” matçına. Ağdam klubu son 2 turda qələbə qazana bilməyib. Bu, çempionluğu vaxtından əvvəl təmin etmiş “Qarabağ”ın arxayınlaşdığını göstərir? “Sumqayıt” fürsətdən istifadə edib meydanı xal və ya xallarla tərk edə bilər?
– “Qarabağ” sona 8 tur qalmış çempionluğunu elan etdi. Ola bilsin, bu səbəbdən futbolçular son oyunlara motivasiya ilə çıxmırlar. “Sabah”a məğlub oldular, autsayder “Qəbələ” ilə 2:2 hesablı heç-heçə etdilər. Mənə elə gəlir ki, “Sumqayıt” “Qarabağ”ın arxayınlaşmasından istifadə edib rəqibindən xal və ya xallar götürə bilər.
– Son olaraq “Zirə” – “Araz-Naxçıvan” matçından gözləntilərinizi bilmək istərdik. Naxçıvan klubu son vaxtlar uğursuzluq zolağındadır, yeni baş məşqçisi Elmar Baxşıyevin rəhbərliyi altında da vəziyyəti dəyişə bilmir. Sizcə, bu görüşdə tilsimi qıra biləcəklər? Bir də “Zirə”nin ikincilik şansını necə qiymətləndirirsiniz?
– Məncə, bu oyunda “Zirə” qələbə qazanacaq. Rəşad Sadıqovun komandası ikincilik şansını əldən buraxmaz. “Neftçi” ilə görüşdə Sadıqov azlıqda qalmalarına baxmayaraq, etdiyi əvəzetmələrlə oyunun gedişatını dəyişə bildi. Doğrudan da, “Zirə” yüksəlişdədir. “Araz-Naxçıvan” isə eniş dönəmini yaşayır. Amma onlar üçün Premyer Liqanı tərk etmək qorxusu yoxdur. Elmar Baxşıyevə uğurlar arzulayıram, ancaq komandanı düzəltmək çox çətin olacaq.
ABBAS