Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında 10-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, yarışı yüksək səviyyədə keçirən azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva son turda qara fiqurlarla Gürcüstan şahmatçısı Nino Batsiaşvili ilə heç-heçə oynayıb.

10 turda ümumilikdə 8,5 xal toplayan Fətəliyeva rəqibləri üçün əlçatmaz olub və Avropa çempionatının qızıl medalına layiq görülüb.

Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

Shares: