“Sumqayıt”ın gənc qapıçısı Xəyal Fərzullayevin futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ”la görüşdə “Sumqayıt”ın əsas komandasında ilk oyuna çıxdınız. Debüt matçınızı necə dəyərləndirirsiniz?
– Hər bir futbolçu debüt gününün xəyalı ilə yaşayır. Mən də bu günün arzusunda idim. Öz şəhərimdə, öz doğma komandamda və dolu tribunalar qarşısında xəyalım gerçək oldu. Sadəcə, möhtəşəm idi.
– Debüt matçının “Qarabağ” kimi güclü komandaya qarşı olması üzərinizdə əlavə təzyiq, həyəcan yaradırdı?
– Əlbəttə, rəqibin adı, komandamın turnir cədvəlindəki yeri, doğma azarkeş amili həyəcan yaradırdı. Amma bu, məsuliyyətdən qaynaqlanan həyəcan idi. Çox şükür, bu həyəcanı ilk dəqiqələrdən geridə qoyub oyuna köklənə bildim.
– Matçdan sonra məşqçilər korpusu çıxışınız haqda nə dedi?
– Oyun günü həm məşqçilər, həm də komanda yoldaşlarım mənə çox dəstək oldular. Onlara öz təşəkkürümü bildirirəm. Məşqçilərimin güvənini qazanmaq, onları razı salmaq üçün çox çalışmalıyam. Bunun üçün əlimdən gələni edəcəyəm.
– Baş məşqçi Samir Abasov Barselonada səfərdə olduğu üçün “Qarabağ”la görüşə komandanı o çıxarmamışdı. Abasovla debütünüz haqda danışmısınız?
– Baş məşqçimiz Samir Abasovla danışmaq fürsətim hələ olmayıb. Həm Samir müəllimə, həm də qapıçılar üzrə məşqçimiz Anar Niftəliyevə mənə bu şansı yaratdıqları üçün təşəkkür edirəm.
– Sizi “Sumqayıt”ın növbəti oyunlarında da görə biləcəyik?
– Mənim vəzifəm məşqlərimi ən yaxşı şəkildə etmək, məşqçilərimə hazır olduğumu göstərməkdir. Qalan məsələlərə onlar qərar verirlər.
– “Sumqayıt” son qələbəsi ilə ikinci yer uğrunda mübarizə apardığını bir daha təsdiqlədi. Hədəfə çatmaq mümkün olacaq?
– İnancımızı heç vaxt itirməmişik və itirməyəcəyik. Komandamızın sona qədər vuruşacağına və bunu bacaracağına tam olaraq inanıram.
– Gənc qapıçı kimi dünya və Azərbaycan futbolunda hansı qolkiperləri özünüzə kumir seçmisiniz?
– Dünya futbolundakı kumirlərim Ederson və Alisson Bekkerdir. Azərbaycan futbolunda isə Şahruddin Məhəmmədəliyev və Emil Balayevi bəyənirəm.
FƏRİD