“Zirə” gözləmədiyi zərbəni aldı. Mövsümün ən həlledici anında autsayderə ev məğlubiyyəti Rəşad Sadıqovun planlarına daxil deyildi. Qəsəbə təmsilçisinin yüksəlişdə, rəqibinin isə enişdə olduğu bir zamanda əldən gedən xallar hətta avrokuboka vəsiqənin əldən çıxması ilə nəticələnə bilər.

Misli Premyer Liqasının 32-ci turunun bağlanış matçı hər iki tərəf üçün önəmli idi. “Zirə” 2-ci pillədə möhkəmlənmək istəyirdisə, naxçıvanlılar qələbəsiz seriyaya son qoyub bir gün öncə özündən irəli buraxdığı “Kəpəz”i ötmək niyyəti güdürdü.

Matç gözləniləndən sönük keçdi. Yeni komandasında ilk qələbəyə sevinmək üçün Elmar Baxşıyev rəqibini öz silahı ilə vurdu. “Zirə”nin ifasında gördüyümüz üslub – müdafiədə diqqətli oynayıb rəqibə şans verməmək – bu dəfə “qartallar”ın özünə problem yaratdı. “Araz-Naxçıvan” alışmadığımız dəqiqliklə müdafiə olundu və standart vəziyyət zamanı əlinə düşən yeganə fürsəti qola çevirdi.

Meydan sahibləri ayılanda artıq çox gec idi. Rəşad Sadıqov komandanın hücum gücünü artırsa da, bu, fayda vermədi. Son vaxtlar məhsuldar oynayan qəsəbə təmsilçisi dünən rəqibin müqavimətini qırmağı bacarmadı. Belədə “Zirə” təqvimin verdiyi üstünlüyü boşa verdi, “Araz-Naxçıvan” isə 8-ci pilləyə qayıtdı.

Qarşılaşmada “Zirə”nin ciddi hakim səhvinin qurbanı olduğunu görmədik. Amma Sadıqov uğursuzluq olan kimi köhnə dəftərləri vərəqləməyi lazım bildi. Dedikləri həqiqətdir, hətta üstüörtülü şəkildə “Sumqayıt”ın məhz bunun sayəsində onlarla eyni xala malik olduğunu vurğuladı. Düzdür, ad çəkmədi, amma onun dediklərinin ünvanı bəllidir: “Hakimliklə bağlı köhnədən qalma bağlantılar var. O bağlantılar aradan qalxmayana qədər çempionatda hər şey ola bilər. Bu gün ən azı 7-8 xal fərqlə 2-ci yerdə olmalı idik. Verilən, verilməyən penaltilər, ofsayd və s. Bu tip epizodlar çox olub. Təəssüf ki, mövsümün sonunda heç kim bunları yada salmayacaq. Bəzi qərarlar çəkilən əziyyətləri yerə vurur. Mənim 30 illik futbol təcrübəm var. İnşallah, bəzi klubların hakimlərlə bağlantıları yaxın gələcəkdə aradan qalxacaq. Əminəm ki, gələn mövsümə qalmayacaq. Əvvəldən belə şeylərə göz yumulub. Müəyyən insanlar münasibətlərindən istifadə edirlər” .

Təbii ki, söhbət “Səbail”lə “Sumqayıt”ın köhnə AFFA rəhbərliyi, onların hələ də postlarında olan əlaltılarının hesabına önəml xallar qazanmasından gedir. Hazırda bu baxımdan daha çox diqqət çəkən son turda “Qarabağ”ı hakimin sayəsində məğlub edən “kimyaçılar”dır. Sadıqovun əsas rəqibinə işarə etməsi, biabırçılıqların gələn mövsümə qalmayacağına işarə vurması qeyd olunmalıdır.

İstənilən halda, nəticə dəyişməyəcək. Tur bütün oyunlarda komandaların yalnız birinin qol vurması, heç-heçə qeydə alınmaması lə əlamətdar oldu. Hazırda 2-5 yerlərdə qərar tutan komandalar bir xallıq məsafədədir və avrokuboklara vəsiqə uğrunda mübarizənin son turadək davam edəcəyi şübhə doğurmur.

FƏRİD

Shares: