Bir neçə illik fasilədən sonra ötən ildən bərpa edilən boks üzrə kadetlər arasında zona birinciliyi cari il də təşkil edilib. Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan və Şəkidən sonra son olaraq regionun güclüləri Gəncə Olimpiya İdman Kompleksində müəyyənləşib.

Nizami yurdunda baş tutan birinciliyin açılış mərasimində yeni boks nəslinin formalaşması üçün belə yarışların davamlı keçirilməsinin şərt olduğuna diqqət çəkilib. Eyni zamanda qeyd olunub ki, bu cür yarışlar perspektivli idmançıların aşkarlanması baxımından böyük rol oynayır.

Yarışa gəlincə, rinqdə 11 şəhər və rayonu təmsil edən 12 komanda mübarizə aparıb. Gəncənin iki heyətlə çıxış etdiyi birincilikdə Ağstafa, Tovuz, Qazax, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Ağcəbədi, Gədəbəy və Göygöl komandasının üzvləri final mərhələsinə vəsiqə qazanmağa çalışıblar.

2010-2011-ci il təvəllüdlü kadetlər arasında keçirilən zona yarışında 17 çəki dərəcəsində ölkə birinciliyinə yollanacaq boksçular bəlli olub. Ümumilikdə yarışda 81 dəri əlcək sahibi rinqdə yumruq oynadıb.

Zona yarışında əvvəlkilərdən fərqli bu il bir çəkidə 3 boksçu respublika birinciliyinə vəsiqə qazanıb. Əgər ötən illərdə finalçılarla birlikdə yarımfinalçılar da final mərhələsinə yollanırdısa, indi isə ilk iki pillədə qərarlaşan idmançılar və 3-cü yerin sahibi bu hüquqa yiyələnib.

Ölkə birinciliyi gələn ayın sonu Bakıda keçiriləcək.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Shares: