“Neftçi”nin sabiq futbolçusu Voyislav Stankoviç Bakı klubunun cari mövsümdəki çıxışını dəyərləndirib.

Serbiyalı müdafiəçi Futbolinfo.az saytına açıqlamasında “ağ-qaralar”ın uğursuz nəticələrini dəyişikliklərlə əlaqələndirib:

“Təəssüf ki, “Neftçi” kimi komanda turnir cədvəlində beşinci yerdədir. Klub buna layiq deyil. Son illər “Neftçi”də çox dəyişikliklər oldu. Rəhbərlikdən tutmuş, baş məşqçi və futbolçu heyətinə qədər yenilənmələr aparıldı. Əlbəttə ki, bunlar təsirsiz ötüşməyə bilməzdi”.

Stankoviç “Neftçi”nin oyunlarını izlədiyini sözlərinə əlavə edib:

“Matçları izləməyə çalışıram. Açığı, “Neftçi”nin oyunu heç də ürəyimcə deyil. Etiraf etmək lazımdır ki, sərgilənən oyun iddialılar sırasında yer almaq üçün kifayət deyil. Elə turnir cədvəlindəki yerləri çox şeydən xəbər verir”.

36 yaşlı müdafiəçinin fikrincə, “Neftçi”nin əsas problemi stabilliyin olmamasıdır:

“Demək olar ki, hər transfer dönəmində ciddi dəyişikliklər olur. Ancaq uğur üçün stabillik vacibdir. Güclü futbolçular transfer etmək, onları uzun müddət heyətdə saxlamaq lazımdır. Transfer dönəmlərində də 1-2 transferlə komandanı daha da gücləndirmək olar. Ancaq “Neftçi”də strategiya belə deyil. Məsələn, biz sonuncu dəfə orada çempion olduqdan sonra heyəti dəyişdilər, daha da zəiflətdilər”.

Qeyd edək ki, Voyislav Stankoviç 2019-2023-cü illərdə “Neftçi”nin formasını geyinib. Müdafiəçi daha əvvəl ölkəmizdə “İnter” (hazırkı “Şamaxı”) və “Qəbələ”də də çıxış edib.

Shares: