Kabab iysinə gəlib eşşək dağlandığını görən Çingiz Abdullayev peşman olub. “Neftçi”nin Müşahidə Şurasının sədri təyin olunarkən ilk vaxtlar hər saatın tamamında müsahibə verən tanınan yazıçını elə pərişan ediblər ki, üzə çıxmağa da ehtiyat edir.
Söhbət ondan gedir ki, Avropa Liqasında mövsümün startına 3 həftədən də az müddət qalarkən “Neftçi” çıxılmaz vəziyyətdədi. Faktiki komanda müflis durumdadı və avrokuboklara getmək üçün ortabab heyət belə yoxdu. Legionerlər evə yola salınıb, bəzi yerli oyunçulardan imtina edilib, komanda təcrübəsiz Samir Əliyevə tapşırılıb, o isə heyəti formalaşdırmaq üçün yerli gənclərin ümidinə qalıb. Yeni transferlərdən ümumiyyətlə, söhbət getmir, çünki hətta köhnə borcları ödəmək üçün imkan yoxdu.
Çingiz bəyin mətbuatdan qaçaq düşməsinin də səbəbi budu. Çünki o, nüfuzu naminə hakimiyyətinin ilk ilindəcə nəticə verməyə borcludu, sabah komandanın burnunun üstündən vurub ilk təsnifat mərhələsindəcə geri qaytaranda hamı ondan hesabat istəyəcək, nə icraçı direktor Elnur Məmmədov yada düşəcək, nə də onu bu layihəyə qoşulmağa vadar edən Elşad Nəsirovla Elxan Məmmədov. İndiki şəraitdə isə möcüzə mümkünsüzdü, deməli, Abdullayev tənqidlərdən qurtula bilməyəcək.
Artıq Çingiz bəy oğlu yaşında uşaqlar tərəfindən yaxşıca aldadıldığını başa düşüb. O, anlayır ki, sadəcə, “Neftçi”nin işğalında söz-söhbətlərin qarşısını almaq üçün onun nüfuzundan istifadə olunub, indi isə o özü də “layihə”də artıq adamdı. Posta gələrkən 25 min dollar maaş istəyən adamın büdcəyə başqalarının nəzarət etdiyi yerdə nə işi var?
Sabiq prezident Sadıq Sadıqovun Müşahidə Şurasının son iclaslarına qatılmamasından sonra vəziyyəti daha yaxşı dərk edən Çingiz bəy indi özü də aradan çıxmaq istəyir. Kluba pul ayrılmamasından sonra Yusif Sərrac rolunda olduğunu daha yaxşı anlayan Abdullayev heç bir işə qarışmır, bütün səlahiyyətləri Elnur Məmmədova təhvil verib. İcraçı direktor isə “pul yoxdu” bəhanəsi ilə cari mövsümü yola vermək, gözlənilən uğursuzluğu sədrin boynuna yükləmək istəyir. Bundan sonra müəyyən nüfuzu olan, amma bunu itirmək istəməyən Çingiz bəy “Neftçi”dən getməli, hakimiyyət tamamilə məlum qrupun əlinə keçməlidi.
“Neftçi”də həqiqətən də pul yoxdu. Bir sıra məlum məsələlər ucbatından sponsorlar komandaya yaxşı büdcə ayırmaqda ləngiyir, avrokubok mövsümü isə başlamaq üzrədi. Belədə paytaxt klubunu işğal edənlər vəziyyəti öz xeyirlərinə dəyərləndirmək niyyətindədi. Artıq yük olan Çingiz bəydən qurtulmaq üçün daha ideal şərait ola bilməz, axı, pulun gəlişindən sonra güclənən komand nəticə verdidə Abdullayevi yerindən tərpətmək mümkün olmayacaq.
Kluba 5-10 milyon dollar civarında büdcə ayrılacaq. Amma bu, yalnız iyunun 20-dən sonra mümkün olacaq. Halbuki Çingiz bəy bir sıra problemləri yoluna qoymaq, hətta klub üçün baza tikintisini yekunlaşdırmaq üçün bundan 3-4 dəfə çox rəqəmin əks olunduğu layihə hazırlayıb. Amma onunla hesablaşan kimdi? Sayılmadığı yerdə qalmaq isə xalq yazıçısı üçün nüfuzunun zərbə altına qoyulması deməkdi.
“Neftç”nin faktiki rəhbərliyi problemli vəziyyətdən çıxmaq üçün “Sumqayıt”ın futbolçularını komandaya doldurmaq planı üzərində işləyir. Elxan Məmmədov – Elnur Məmmədov – Kamran Quliyev üçbucağının işbirliyi nəticəsində ortada olan 5-10 manat da xərclənəcək, komanda sə real olaraq güclənməyəcək. Falqman hardasa Quliyevin prezidenti olduğu “Sumqayıt” səviyyəsində bir komanda olacaq. Çingiz bəyin Kamran bəyə bərabər bir rəhbər kimi tutulması isə yazıçıya növbəti zərbədi.
İstənilən halda, Bermud üçbucağının məngənəsində sıxılan Abdullayev bu gün elə vəziyyətə gətirilib ki, ya nüfuzunu xərcləməli, ya da klubu məlum qrupa təhvil verib getməlidi. Çünki qurulan plan bunu tələb edir. Müşahidə Şurasının sədrinin yeganə qazancı isə növbəti əsəri üçün əla ssenariyə şahid olmasıdı.
FƏRİD