“Türkdilli ölkələrin oyunçularının bu mövsüm Türkiyədə legioner sayılmamasının Azərbaycan futboluna böyük töhfə verdiyini düşünürəm. Bunun sayəsində bir neçə oyunçunuz hazırda ölkəmizdə çıxış edir”. Bunu futbolinfo.az saytına açıqlamasında Azərbaycanda “Qarabağ” və “Neftçi”də köməkçi-məşqçi kimi fəaliyyət göstərmiş türkiyəli mütəxəssis Mehmet Ak deyib.

O, Superliqada və I Liqada çıxış edən millimizin üzvlərinin performansını dəyərləndirib. 41 yaşlı məşqçi “Kocaelispor”da oynayan Ramil Şeydayevdən daha çox şey gözlədiyini etiraf edib: “Kocaelidə azarkeşlər Ramildən qollar və ya assistlər gözləyirlər. “Kocaelispor” böyük camiədir, bu mövsüm də Superliqaya vəsiqəni hədəfləyiblər. Fikrimcə, Şeydayev pis mübarizə aparmır. Amma özünü doğrultmaq üçün matçlar zamanı nəticəyə təsir etməlidir. Əks təqdirdə fanatlar onu qəbul etməyəcək”.

Mehmet Ak Superliqada “Adana Dəmirspor”un qapısını qoruyan Şahruddin Məhəmmədəliyevin uğurlu çıxış etdiyini düşünür: “Şahruddin yaxşı qapıçıdır, yüksək səviyyəli oyunu sayəsində də əsas heyət üzvüdür. “Hatayspor”un hücumçusu Renat Dadaşov da pis deyil. Ancaq Şeydayev barədə dediklərim ona da aiddir. “Ümraniyespor”da oynayan Coşqun Diniyevi çox bəyənirəm. Həmçinin “Keçiörengücü”nün formasını geyinən Vüsal İsgəndərli mübarizliyi ilə diqqət çəkir. Sərtan Taşkın və Bəxtiyar Həsənalızadənin də komandalarına uyğunlaşacaqlarına inanıram”.

Mütəxəssisin fikrincə, adıçəkilən futbolçuların Türkiyədə çıxşı etmələri Azərbaycan millisinin oyununa da müsbət təsir göstərəcək: “Onlar yığmanıza daha hazırlıqlı vəziyyətdə yollanacaqlar. Bu da baş məşqçinin əlini gücləndirəcək. Legioner həyatı yaşadığın zaman istər-istəməz inkişaf edirsən. Ümid edirəm ki, Azərbaycan millisi qarşıdakı seçmə mərhələdə bunu xeyrini görəcək”.

Shares: