Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha dörd potensial rəqibi müəyyənləşib.
Futbolinfo.az saytı xəbər verir ki, Ağdam təmsilçisi “Selye” (Sloveniya), “Hamrun” (Malta), “Larne” (Şimali İrlandiya) və “UE Santa Koloma” (Andorra) ilə qarşılaşa bilər.
Daha əvvəl Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur”, San Marinonun “Virtus”, Belarusun “Dinamo” (Minsk) klublarının təmsilçimizin mümkün rəqibləri sırasında yer alacaqları dəqiqləşmişdi. Adıçəkilən komandaların püşkatma zamanı səpələnməmişlərdə olacağı dəqiqləşib.
“Qarabağ”la yanaşı, daha 10 komandanın – “Ferensvaroş” (Macarıstan), “Slovan” (Slovakiya), “Ludoqorets” (Bolqarıstan), HİK (Finlandiya), “Flora” (Estoniya), “Styaua” (Rumıniya), “Klaksvik” (Farer adaları), “Şemrok Rovers” (İrlandiya), “Linkoln” (Cəbəllütariq) və TNS-in (Uels) püşkatma zamanı səpələnmişlərdə qərarlaşacağı bilinir. RFŞ (Latviya), “Petrokub” (Moldova), “Struqa” (Şimali Makedoniya) və Batumi “Dinamo”sunun (Gürcüstan) səbəti isə qeyri-müəyyəndir.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.