“Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var. Bazada, akademiyada işləyənlər – hamımız bir olduq. Bunu unutmaq olmaz”.
Futbolinfo.az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Yeqor Xvalko klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Kapitan mövsümün əvvəlində qarşıya qoyulan hədəfə daha tez çatdıqlarını bildirib: “Məqsəd elitada qalmaq idi. Biz zəhmətimizlə buna nail olduq. Klub rəhbərliyi də bizim rahatlığımız üçün maksimum şərait yaratdı. Belə olan vəziyyətdə futbolçular, məşqçilər korpusu olaraq əlimizdən gələnin ən yaxşısı etməyə çalışdıq. Allah şükürlər olsun ki, bizdə alındı”.
Kapitan hədəfə çatmaqda azarkeşlərin rolunu, dəstəyini xüsusi vurğulayıb: “Onları ayrıca qeyd etmək istərdim. Fanatlar bizə əla motivasiya verdilər. Buna görə minnətdarıq. Komandaya münasibətləri olduqca əladır. Böyük hesabla uduzduğumuz oyunlarda belə fərqli münasibət görmədik. Bu uşaqlar komandanı çox sevirlər”.
27 yaşlı müdafiəçi çempionatda mövsümün başa çatmasına az qaldığını xatırladıb: “Biz futbolçular üçün bu çox xoşdur (gülümsəyir). Gərgin oyunlardan sonra istirahətə ehtiyac var. Mövsüm həddindən artıq çətin alındı. Xüsusən də ilk iki dövrədə istədiklərimizi həyata keçirə bilmədik. Qış fasiləsindən sonrakı çıxışımız isə gələcək üçün böyük ümidlər verdi. Fikrimcə, bu mövsüm çempionat bütün klublar üçün daha mübarizəli, rəqabətli alındı. Asan oyunlar olmadı. Turnir cədvəlinin həm aşağı, həm də üst hissəsində gərginlik vardı. Hazırda avrokuboklara düşmək uğrunda yarış davam edir. “Qarabağ”dan sonra qitəmiqyaslı turnirlərə vəsiqə qazanmaq üçün komandalar arasında maraqlı mübarizə gedir”.
O, qarşıdakı iki turla bağlı fikirlərini bölüşüb: “Həftəsonu “Zirə” ilə keçirəcəyimiz oyun maraqlı alınacaq. Ümumiyyətlə, bizim onlarla matçlarımız həmişə gərgin keçir. “Neftçi”yə məğlubiyyəti unutdurmalıyıq. “Turan Tovuz” ilə görüşə gəlincə, bu, derbidir. Nəticə qazanmaq üçün xarakter göstərməli, yaxşı hazırlaşmalıyıq”.
Qeyd edək ki, XXIV turdan sonra 35 xalla 8-ci pillədə qərarlaşan “Kəpəz” Azərbaycan Premyer Liqasında yerini qoruyub.