Misli Premyer Liqasında son tur ərəfəsində Azərbaycanı növbəti mövsüm Avropa Liqası və Konfrans Liqasında hansı komandaların təmsil edəcəyi hələ də bəlli deyil.

Futbolinfo.az xəbər verir ki, 4 klub 3 yerə iddiasını son matçlara saxlayıb.

Hazırkı məqamda ən şanslı komanda “Zirə” sayılır. Çünki Rəşad Sadıqovun yetirmələrinə son turda “Səbail” üzərində qələbə kifayət edəcək. Bu halda qəsəbə təmsilçisi ən pis halda mövsümü üçüncü pillədə tamamlayacaq. Ancaq “Zirə”nin mövsümü 5-ci sırada tamamlamaq ehtimalı da var. Bu baş versə belə, komanda finalında olduğu Azərbaycan Kubokunu qazanmaqla istəyinə çata bilər.

Turun mərkəzi oyunu, şübhəsiz ki, “Neftçi Arena”da keçiriləcək. “Neftçi” ilə “Sabah” arasındakı duelin nəticəsi komandaların mövsüm ərzində çəkdikləri əziyyətin qiyməti olacaq. Bu qarşılaşmanın qalibi də ilk üç pillədən birinin sahibi kimi avrokuboklarda iştirakı təmin edəcək. Bərabərlik “Sabah”ın arzularının üstündən böyük ölçüdə xətt çəkəcək. Çünki “Zirə”nin “Səbail”lə, “Sumqayıt”ın isə “Qəbələ” ilə görüşdə aktivinə 3 xal yazdırmaq ehtimalı yüksəkdir. Bu halda “Sabah” mövsümü 5-ci yerdə tamamlayacaq.

Digər qarşılaşmalarda sürpriz baş verməsə və paytaxt derbisində heç-heçə qeydə alınsa, “Neftçi” 4-cü yerin sahibi kimi Konfrans Liqasına yollanacaq. Ancaq “ağ-qaralar” ikinci yeri tutmaq və minimum Avropa Liqasında iştirak şansını qorumaq üçün qələbə qazanmalıdır. “Neftçi”nin məğlubiyyəti isə komandanı 5-ci yerə qədər göndərə bilər ki, bu da avrokubok xəyalının üstündən xətt çəkər.

O ki qaldı “Sumqayıt”a, “gənclik şəhəri” təmsilçisi son turda autsayder “Qəbələ”ni məğlub edərsə, digər qarşılaşmaların nəticəsində asılı olmayaraq, ilk “dördlüy”ün sakini kimi avrokuboklara gedəcək. Samir Abasovun kollektivi hətta mövsümü ikinci sırada da tamamlaya bilər. Bunun üçün “Neftçi” – “Sabah” oyunu heç-heçə yekunlaşmalı, “Zirə” isə qələbə qazanmamalıdır.

Qeyd edək ki, Misli Premyer Liqasında son turun oyunları mayın 25-26-da keçiriləcək.

Shares: