U-23 Avropa çempionatının ikinci günündə ilk medalçılar müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvlərindən Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) qızıl, Rəşad Məmmədovla (55 kq) Laçın Vəliyev (87 kq) isə bürünc medal qazanıb.
Onlar həlledici görüşlərdən sonra öz çıxışları haqqında açıqlama veriblər.
Rəşad Məmmədov: “Bu, 23 yaşlılar arasında ilk beynəlxalq yarışım idi. Sevindirici haldır ki, paytaxtda keçirilən məsul sınaqda medalsız qalmadım. Məqsədim çempion olmaq idi. Amma hakimlərin bəzi məqamlarda yanlış qərarları buna mane oldu. Allah qoysa, qarşıdakı yarışlarda daha gözəl nəticələr qazanmağı düşünürəm”.
Ziya Babaşov: “Yarış yaxşı keçdi. Qalib olmaq istəyirdim. Öz ölkəmizdə bayrağı yüksəltmək ayrı hissdir. Qələbəni ailəmə həsr edirəm. Hesabda geri idim. Amma bu taktika idi. Allaha çox şükür, istədiyim kimi oldu. Finalda həyacanlı idim. Bu üzdən yorğun görünə bilərdim. Parterdə xal qazanacağıma əmindim. Həlledici görüşdə yenilmək istəmirdim”.
Xasay Həsənli: “Ardıcıl 3-cü dəfə finala çıxırdım. Bunlardan ikisində qalib olmuşdum. Keçən il isə U-23 Avropa və dünya çempionatlarında həlledici görüşdə moldovalı rəqibə uduzmuşdum. Finalda qarşılaşdığım türkiyəli güləşçiyə də 2 dəfə məğlub olmuşdum. Əvəz çıxmaq üçün ən gözəl yer “doğma divarlar” idi. Azarkeşlərin önündə istəyimə nail oldum. Yarışdan öncə bütün taktikanı bu 2 rəqibə görə qurmuşdum. Qələbəyə görə çox şadam. Üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Çempionluğu yeni doğulan bacım oğluna və hərbi xidmətdə olan ən yaxın dostum Elcan Məmmədova həsr edirəm. Finaldan öncə izünəinam güclü idi. Revanş hissi ilə alışıb yanırdım. Arzum budur ki, böyüklərdə də yüksək nəticələr qazanım. Məşqləri daha da artıracağam”.
Laçın Vəliyev: “Əslində finalda güləşməliydim. Ancaq bəzi səhvlərə görə buna nail ola bilmədim. Allaha şükürlər olsun, bürünc medal uğrunda görüşdə fürsəti qaçırmadım. Öz üzərimdə daha çox çalışıb, dünya çempionatında qalib olmağı hədəfləmişəm”.