"Neftçi" Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Macarıstan MTK-sınə 0:3 hesabı ilə məğlub oldu. Gözlənilən nəticədi. Ölkə kubokunun final matçından sonra baş tutan mətbuat konfransında əyləşən Arif Əsədovun oturduğu stul soyumamış məlum oldu ki, "ağ-qaralar"ın rəhbərliyi əsl peşəkarlara xas olan operativlik nümayiş etdirərək, baş məşqçini istefaya göndəriblər. Alqışalayiq operativliyin davamı olaraq, Avropa Liqasının startına 1 ay qalmış, daha təcrübəli baş məşqçi, daha elitar futbolçuları cəlb etməklə, "Neftçi"nin əvvəlki xarizmasını qaytarmaq növbəti addım olmalı idi…
"Sükan" Samir Əliyevə həvalə olundu. Əsədovdan təcrübəli idimi? Əsla. Daha gəncdi? Məgər, Əsədov qoca idi? Axı meydanda Arif qaçası deyildi, həm də Foqtsla da tay-tuş deyildi ki, deyəsən, yavaş-yavaş ağlı qaçır.
Keçdilər yola saldıqları oyunçuların əvəzinə yenilərin cəlb olunmasına. "Sumqayıt"dan Məhəmməd Qurbanov, "Hayduk"da heyətə düşə bilməyən və əli ətəyindən uzun geri qayıdan Ruslan Qurbanov, əvəzedicilərdən 5-6 uşaq və… böyük təm-təraqla təqdim edilən ispaniyalı Xaun Alberto Andreu Alvarado. Kişinin 31 yaşı var, ölkəsinin 17 və 19 yaşadək yığmalarının heyətində Avropa çempionu, 20 yaşadək isə dünya çempionatının vitse-çempionu adını qazanıb. Hətta "Betis"in heyətində Çempionlar Liqasında da iştirak edib. Göründüyü kimi, bütün bunlar tarixə ekskurs idi. Melli ləqəbi ilə tanınan mərkəz müdafiəçisinin son klubu "Simurq" olub. "Simurq"un büdcəsinin hansı durumda olduğunu nəzərə alsaq, Mellinin "ağ-qara" formaya necə qovuşduğu aydın olar. Son 2 turda komandasına kömək etməyən ispanın "su qiyməti"nə "Neftçi"ylə anlaşdığı aydın məsələdi. Özünü "flaqman" adlandıran klubun ən sanballı transferi "Simurq"dandırsa, Avropa Liqası bir yana, heç növbəti Premyer Liqada da heç bir nəticəyə imza atmayacağı indidən aydın olur. 
Braziliyadan gətirilən Ayltonun isə cəmi 20 yaşı var. Başqa sözlə, o, perspektivə alınan və gələcəkdə daha baha qiymətə satıla biləcək oyunçudu. Dərhal "Neftçi"ni arxasınca aparacağını düşünmək isə absurd olar.
"Ağ-qaralar"da qapıçı ilə bağlı da olduqca ciddi problemlər var. Aqil Məmmədovun qeyri-sabit qapıçı olduğu heç kimə sirr deyil. Samir Əliyevin sərəncamında olan digər əlcək sahibi – Maksim Vaylonun Avstriya toplanışı çərçivəsində Macarıstan MTK-sı ilə qarşılaşmada buraxdığı qolları gördükdən sonra isə ancaq qapıçının soyadının ilk 3 hərfini səsləndirmək olar: VAY "Neftçi"nin halına.
Beləliklə, "Neftçi"nin yeni siması müəyyənləşməkdədi. Avropa Liqasının startına sayılı günlər qalmış, "ağ-qaralar" 16-18 yaşlı yerli gənclərin, "Simurq"un ispan veteranı və 3-4 il sonra parlamaq şansı olan 20 yaşlı braziliyalının ümidinə qalıb. Yola salınanları xatırladıqda əvvəllər "lap yaxşı elədilər" deyirdiksə, gələnləri gördükdə, "heyf gedənlərdən" demək məcburiyyətində qalırıq. 
Hər imkan düşdükdə "Neftçi" Azərbaycanın klub futbolunun simasıdı", "Neftçi" Azərbaycan futbolunun flaqmanıdı", "Neftçi" şanlı tarixdi" və bu kimi onlarla pafoslu açıqlama verən klub başbilənlərinə bir xatırlatmam var: yarımçıq hamilə olmurlar! Tarix tarixdə qalır, yeni tarix isə bu gün yazılır. 80 illik tarixi yazanlar yazıb, qoyub, gedib. Sizin yazdığınız isə, uzağı cızma-qaradı. Özü də "cızma"sız, ancaq qara səhifə. Əlbəttə, "Neftçi"nin forması "ağ-qara"dı. Ancaq "qara"nı "ağ" kimi təqdim etmək cəhdləriniz olduqca uğursuz alınır. "Stadium tour" keçirməklə müvəqqəti olaraq, 5-10 azarkeş gətirmək olar. Ancaq 0:5 məğlub olduqdan sonra çətin ki, həmin fanatlar bir də tribunaya dönsünlər. Marketinq inkişafı klub strukturunda olduqca vacib sahədi. Ancaq futbol ilk növbədə oyundu və komanda gələn-gedənin qarşısında boyun əyirsə, bu, olmayan yarımçıq hamiləliyin göstəricisidi. 
CEYHUN ƏLİYEV
Shares: