Ölkəmizi  Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın rəqibini bizim üçün tanınan məşqçimiz Ağasəlim Mircavadov dəyərləndirdi. Klublarımızın bəxtinə düşən 2 Çernoqoriya klubundan ən güclüsü olan “Rudar”ı Ağasəlim bəy keçilməz saymır:
“Fikrimcə, ilk oyunun Bakıda olması yaxşı haldı. Biz “Qarabağ”a inanırıq. Əgər komanda öz oyununu sərgiləsə, mərhələni keçəcək. Ancaq komandanın hazırlığından da çox şey asılıdı. Çünki futbolçuların milli komandanın düşərgəsindən gec qayıtdığını da nəzərə almalıyıq. Yığmamız da iyunun 12-də meydana çıxıb. Futbolçuların istirahət etməyə elə də çox vaxtı olmayıb. Amma “Qarabağ” artıq neçə illərdi buna öyrəşib və bu cür işləyir. Komandaya inanırıq. Amma nəzərə alaq ki, rəqib sabiq Yuqoslaviya ölkəsinin nümayəndəsidi və onlar da həmişə güclü rəqib kimi tanınıblar. Rəqibə qarşı necə oynamaq lazım olduğunu bilmək üçün gərək bu gündən artıq onlar haqqında məlumat toplanılsın. Çempionatdakı çıxışını, oyun tərzini, rəqib meydanlarında necə oyun nümayiş etdirir və s. bu kimi şeyləri araşdırmaq lazımdı. Ümumiyyətlə, komandanın liderləri hansı oyunçulardı – bunları bilmək lazımdı. Fikrimcə, informasiyasız oyuna başlamaq olmaz. Mütləq rəqib haqqında məlumat toplamaq lazımdı. Rəqibin necə oynamasından asılı olmayaraq, “Qarabağ” öz oyununu nümayiş etdirməlidi. Əvvəlki oyununu inkişaf etdirməlidi. Düzdü, Muarem Muarem və Leroy Corc kimi futbolçular artıq komandada yoxdu. Lakin onların yerini tutan gənc futbolçular məncə, boşluğu doldura biləcək. “Qarabağ” həm öz meydanında, həm də səfər qarşılaşmasında eyni oyunun oynamalıdı. İlk görüş Bakıda olduğundan çoxlu qol vurmalıyıq.  Ümumi götürsək, iki oyunun nəticəsinə görə mən “Qarabağ”a üstünlük verirəm”.
Shares: