“Kəpəz”in amputant komandasının üzvü yığmanın tərkibində Türkiyədə təlim-məşq toplanışında iştirak edib. Hüseyn Hüseynov qardaş ölkədə milli ilə birgə gələn ay Fransada keçiriləcək Avropa çempionatına hazırlaşıb.
Ankara şəhərində təşkil edilən hazırlığa seçməmiz 22 nəfərlik heyətlə yollanıb. 2 həftəyə yaxın davam edən toplanışda yığmamızın düşərgəsində “Kəpəz”in sağ cinah müdafiəçisi də yer alıb.
Hüseyn Hüseynov: “Düzdür, oradakı təlim-məşq toplanışımız çox ağır oldu. Amma Azərbaycanı təmsil etmək adına bütün çətinliklər bizim üçün xoşdur. Məşqlərimiz həqiqətən çox gözəl keçdi. Özümüzün də çox xoşumuza gəldi. Bizə orada qardaş qayğısını hiss etdirdilər. Bizim üçün faydalı məşqlər idi. Hər şey, yanaşma tərzi peşəkar şəkildə idi. Necə ki, sərhəddə düşmən qarşısında Azərbaycanı təmsil etmişik, dövlətimizi qorumuşuq, inşallah yaşıl meydanlarda da Azərbaycanı yetərincə təmsil edərik”.
Milli komandamızın türkiyəli həmkarları ilə keçirilən 4 yoxlama oyununun hamısında Hüseyn də meydanda olub. O, yoxlama görüşündə fərqlənməyi də bacarıb. Həm də gənc futbolçunun qolu özünəməxsusluğu ilə seçilib və böyük maraq toplayıb.
Hüseyn Hüseynov: “Komanda yoldaşlarım, dostlar, yaxın ailə üzvlərim – hər kəs təbrik etdi. Mənim üçün sevindirici oldu. O hərəkət də illərimizin bəhrəsidir. Bir şeyi bir dəfə etməklə alınmaz. İllərlə bir şeyin üstə çalışmalısan ki, onu mükəmməl şəkildə bacarasan. Hər dəfə məşqlərdə çalışırdıq. Yoxlama oyununda da bir dəfə reallaşdırdıq. İnşallah, qarşıdakı oyunlarda ondan da yaxşı qollar vurarıq”.
Amputantlardan ibarət milli komandamız yaxın günlərdə Qubada Türkiyə yığması ilə birlikdə növbəti dəfə toplanışda olacaq. Daha sonra seçmə komandamız Fransadakı Avropa çempionatına yollanacaq. Yığma yarışda Türkiyə, İrlandiya və İsraillə eyni qrupda mübarizə aparacaq.
BƏHRUZ MUSAYEV, GƏNCƏ