Qətərin paytaxtı Doha 2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Ərəblər hazırda Beynəlxalq Olimpiya Komitəsi ilə son detalları razılaşdırır. Bu barədə “Relevo” məlumat yayıb.
Xatırladaq ki, 2028-ci il Olimpiadasına ABŞ-nin Los-Anceles, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhəri ev sahibliyi edəcək. Qətərin namizədliyinin yüksək reytinqə malik olmasının səbəbi onların son illərdə bir neçə böyük tədbirləri təşkil etmələridir.
Qətərin paytaxtı 2015-ci ildə həndbol üzrə dünya çempionatına, 2016-cı ildə velosiped idmanı üzrə dünya çempionatına, 2018-ci ildə bədii gimnastika üzrə dünya çempionatına, 2019-cu ildə atletika üzrə dünya çempionatına, 2022-ci ildə kişilər arasında futbol üzrə dünya çempionatına, 2024-cü ildə üzgüçülük üzrə dünya çempionatına ev sahibliyi edib. 2027-ci ildə Doha FİBA Dünya Kubokunu qəbul edəcək.