“Qarabağ” yenə güzəşt etmədi. Digər klublardan üstünlüyünü mövsümün bitiminə 8 tur qalarkən çempion olmaqla göstərən ağdamlılar, kubokda da titula sahib çıxdı.
Əslində, final yalnız titulun sahibinin kim olacağı baxımından önəmli idi. Rəqiblər çempionatda ilk iki pilləni tutduğundan, avrokuboka vəsiqə problemini həll etmişdi. “Zirə”nin kuboku qazanmadan da Avropa Liqasında oynayacağı bəlli idi.
Titul, bir az da nüfuz matçında faforit sayılan qələbəni bayram etdi. “Qartallar” layiqli müqavimət göstərsə də, oyuna döyüşkən heyətlə çıxan “Qarabağ” matçın taleyini əsas vaxtda həll etdi. İlk hissədə hesabı açan Juninyoyaya 58-ci dəqiqədə cavab verən İsmayıl ibrahmli – müqavilə ilə bağlı olduğu komandaya hörmət əlaməti olaraq – sevinmədi. Cəmi 4 dəqiqə sonra “Zirə” bütünlüklə məyus oldu. Abdulla Zubir o qədər ucaboy olmasa da, rəqibin etibarlılığı ilə ad çıxaran müdafiəsinə başla vurduğu qolla utanc yaşatdı.
2:1 – matçın ədalətli nəticəsi idi. İki il öncəki finalda “Zirə”ni penaltilərlə yenən ağdamlılar, bu dəfə işi şansa buraxmadı.
İndi ağır mövsümün yorğunluğunu çıxarmaq olar. Avrokubok matçları, daxili yarışlar “Qarabağ”dan çox güc alıb. Avrokubokda mübarizəyə 2-ci mərhələdən başlamaq futbolçulara daha çox istirahət etmək imkanı verəcək. Onların bunu necə dəyərləndirəcəyini yayda biləcəyik. O zamanadək heyətlə bağlı çoxsaylı suallara da aydınlıq gəlməlidir.
Eyni sözləri “Zirə”yə də aid etmək olar. Qəsəbə təmsilçisini heyətini xeyli gücləndirməlidir. Dünənki kubok matçı da hücum xəttinə ciddi transferlərin gərək olduğunu göstərdi. Komandanın Premyer Liqada yalnız iki autsayderdən çox top vurması, 36 tura cəmi 33 dəfə fərqlənməsi həll edilməsi gərəkən problemdir.
AĞA