Ötənilki Avropa çempionatında iki cüt medal dəsti qazanan gənclərdən ibarət güləş üzrə Azərbaycan millisi məşqlərini Göygöl Olimpiya İdman Kompleksində davam etdirir.
İki həftədən çox davam edən hazırlıqda əsasən fiziki çalışmalar üstünlük təşkil edir. 24 güləşçinin iştirak etdiyi toplanış Avropa çempionatına hazırlıq xarakterlidir.
Nurəddin Rəcəbov (milli komandanın böyük məşqçisi): “Təlim-məşq toplanışımız həqiqətən yüksək səviyyədə keçirilir. İl boyu federrasiya tərəfindən hazırlıqlarımız təmin olunub. Göygöldə çox ağır fiziki məşqlər keçdik. İnanıram ki, nəticələr yaxşı olacaq”.
Yığmamızın heyətində yer alan, İspaniyadakı Avropa çempinatının qalib və mükafatçıları bu dəfə də ölkəyə ürəkaçan nailiyyətlə dönməyi hədəfləyiblər. Gənc pəhləvanlar Göygöldəki hazırlığın onların qarşıdakı yarışda iştirakına böyük xeyri dəyəcəyini ifadə ediblər.
Davud Məmmədov (milli komandanın üzvü): “Ən vacib toplanışlarımızdan biridir. Burada fiziki hazırlığımızı yaxşılaşdırdıq. Qarşıdakı Avropa çempionatında rəqiblərimizdən üstün olmaq üçün bu, böyük rol oynayacaq. Ümid edirik, Avropa çempionatında da güləşsevərləri sevindirərik, ölkəmizə qızıl medalla qayıdarıq. İkinci dəfədir burada hazırlıq keçirəm. Birinci dəfə yeniyetmələrlə gəlmişdim. Həmişəki kimi hər cür şərait var. Bu toplanışların bizim üçün həmişə xeyri böyük olub”.
Ruslan Nurullayev ( milli komandanın üzvü): “Məşqlər yüksək səviyyədə keçir. Məşqçilər hazırlığımız üçün əlindən gələni edir. Özümüz də maksimum məsuliyyətlə çalışırıq. Keçən il Avropa çempiponatında komandamız tarix yazmışdı. Həm komanda şəklində, həm də özüm o yarışda çempion olmuşdum. İnşallah, eyni nəticəni daha yüksək xallarla təkrarlamağa çalışacağıq”.
Serbiyanın Novı Sad şəhərində keçiriləcək Avropa çempionatı iyulun 1-də start götürəcək. Yığma komandamız Göygöl toplanışını başa vurduqdan sonra yarışa qədər Bakıda taktiki-texniki hərəkətlər üzərində çalışacaq”.
BƏHRUZ MUSAYEV, GÖYGÖL