AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə İsmayıllıda 12 yaşadək qızlar arasında “Bahar turniri” keçirilib.

Futbolinfo.az xəbər verir ki, İsmayıllı Olimpiya İdman Kompleksində baş tutan yarışda 8 komanda iki qrupda mübarizə aparıb.

Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsində üz-üzə gəliblər. 6 saylı tam orta məktəb turnirin qalibi olub. 5 saylı tam orta məktəb 2-ci, Topçu kənd tam orta məktəbi isə 3-cü yeri tutub.
6 saylı tam orta məktəbin şagirdi Nigar Əliyeva 5 qolla yarışın ən məhsuldar oyunçusu olub. 5 saylı tam orta məktəbin şagirdi Zəhra Hüseynova ən yaxşı oyunçu, Topçu kənd tam orta məktəbinin şagirdi Nuray Vəlizadə isə ən yaxşı qapıçı seçilib. İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, 15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Gülənbər Qasımova və İsmayıllı Olimpiya İdman Kompleksi MMC-nin direktoru Xamis Bədəlov təqdim ediblər.

Layihənin həyata keçirilməsində əsas məqsəd gələcəkdə U-12 Qızlar Liqasına və aşağı yaş qrupundan ibarət milli komandalara yeni futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunublar.

Qeyd edək ki, bir gün əvvəl Qəbələ şəhər stadionunda “Bahar turniri” təşkil edilib.

Shares: