İki gün öncə İsveçrə hökumətinin FİFA tərəfindən müxtəlif ölkələrə ayırdığı qrantların araşdırılmasına dair xəbər yaymışdıq. Xəbərin məğzi FİFA-nın kiçik ölkələrə böyük həcmdə yardım ayrılmasından isveçrəlilərin şübhələnməsi idi. Həm “kiçik ölkələr”, həm də “böyük həcm” statusu AFFA-ya da aid olduğu üçün araşdırmaların Azərbaycana da qol-budaq açdığını iddia etmişdik.
Bu gün AFFA-nın baş katibi ölkə mətbuatına “sızdırdığı” açıqlamada xəbərin yalan olduğunu iddia edib.  Amma maraqlıdı, necə?
Görəsən, İsveçrə hökumatindən Elxan Məmmədova kim xəbər ötürüb ki, AFFA-ya ayrılan qrantlar araşdrılırmır? Yoxsa bir vəzifə sahibinin 10 müxtəlif postda çalışması mərəzi isveçrəlilərə də keçib, onların hansısa əməkdaşı AFFA-da çalışır və baş katibi şəxsən məlumatlandırıb?
Olduqca maraqlı mənzərə yaranır. FİFA-nın başdan-ayağa korrupsiya bataqlığında boğuldunu hamı bilir. FİFA rəsmilərinin “dəmir barmaqlıqlar arxası”ndan boylandığı da hər kəsə bəllidi. FİFA prezidenti Yozef Blatterin demokratik və şəffaf faktlar qarşısında istefa verdiyi də heç kimə sirr deyil. Məgər bütün bu faktlar araşdırılan zaman və bir müddət sonra həbsə məruz qalan FİFA rəsmilərinə deyilirdi ki, “səni yoxlayırıq”? Təsəvvür edin, kimsə adam öldürür, cinayət işini aparan qrup şübhələndiyi şəxsə zəng edib deyir ki, səni izləyirik ha!
Araşdırmanın aparılması mütləq və mütləq korrupsiyanın olması demək deyil. Amma fakt budur ki, biz yalan danışmamışıq. Yalanı danışan Elxan Məmmədovdu – ya iz azdırır, ya da…
CEYHUN ƏLİYEV
Shares: