“Baskoniya” komandasının müdafiəçisi Markus Hovard gələn ay keçiriləcək Olimpiya təsnifat turnirində iştirak etməyəcək. Bu barədə “Basket News” xəbər verir.
Puerto-Riko Basketbol Federasiyası San-Xuanda keçiriləcək Olimpiya təsnifat turnirində mübarizə aparacaq yekun siyahını açıqlayıb. Komandaya “Nyu-Orlean Pelikans”ın müdafiəçisi Xose Alvarado başçılıq edir.
Hovardın yoxluğu şəxsi məsələylə bağlıdır. “El Correo” qəzetinin məlumatına görə, onun həyat yoldaşı Peyton seçmə turnirin başlandığı vaxtda körpə dünyaya gətirməlidir.
Puerto-Riko İtaliya və Bəhreynlə birlikdə B qrupunda mübarizə aparacaq. Qrupda ilk iki yeri tutan komanda yarımfinalda Litva, Meksika və Kot d`İvuarın daxil olduğu A qrupunun ilk iki yeri tutan komandaları ilə qarşılaşacaq. Turnirin qalibi 2024-cü il Paris Olimpiadasına vəsiqə qazanacaq.