Gəncəli parataekvondoçu iştirak etdiyi növbəti yarışda uğur qazanıb. Paris-2024 Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək İmaməddin Xəlilov bu dəfə beynəlxalq turnirdə fərqlənməyi bacarıb.
Paralimpiyaçı Koreyanın Çxunçxon şəhərində keçirilən açıq beynəlxalq turnirdə qüvvəsini sınayıb. 70 kq çəkidə tatami üzərinə çıxan İmaməddin 2 ay öncə Avropa çempionatında əldə etdiyi nailiyyəti təkrarlayıb.
Ümumilikdə 4 görüşə çıxmalı olan idmançı 1 Qazaxıstan və 2 Özbəkistan təmsilçisini məğlub edərək finala yüksəlsə də, həlledici görüşdə meksikalı rəqibi zədələndiyi üçün mübarizəsiz yarışın qalibi adını qazanıb.
Paralimpiadaya lisenziya qazandıqdan sonra 2-ci çempionluq yaşayan Xəlilov bundan başqa həm ölkədaxili, həm xaricdə 4 illiyin ən mötəbər yarışlarına hazırlıq üçün təlim-məşq toplanışlarına da qatılıb: “Özümü Paris Paralimpiya Oyunlarına tam hazır hiss edirəm. Belə ki, son iki yarışda çempion olmuşam. Həm Avropa çempionu oldum, həm də Koreyada keçirilən açıq çempionatda qalib gəldim. Paralimpiya Oyunlarına kimi bizim məşqlərimiz davam edir. Hazırda ölkə xaricində toplanışdayıq. Burada biz Meksika, Səudiyyə Ərəbistanı və Koreya komandaları ilə birlikdə məşqlər edirik. Əhval-ruhiyyə əladır, qayıtdıqdan sonra ölkədaxili toplanışımız da olacaq. Daha sonra Paralimpiadaya tam hazır olacam. Çalışacam ki, həm ölkəyə, həm Gəncəyə qızıl medalla qayıdım”.
BƏHRUZ MUSAYEV, GƏNCƏ