Misli Premyer Liqasında yeni mövsümə avqustun 2-də start veriləcək. Lakin indiyədək özünə klub tapa bilməyən futbolçular var.

Futbolinfo.az xəbər verir ki, klublarda yerli futbolçu çatışmazlığı diqqət çəksə də, Rəşad Əzizli, Amil Yunanov, Turan Manafov, Orxan Sadıqlı, Eddi İsrafilov, Aqil Məmmədov, Ağabala Ramazanov, Kamran İbrahimov, Coşqun Diniyev, Səlahət Ağayev, Orxan Əliyev və daha bir neçə futbolçu işsizdir. Onların bəzlərinə heç kim ehtiyac duymur, bəziləri də müqavilə üçün gün sayırlar.

“Kəpəz”dən ayrıldıqdan sonra heç bir təklif almayan Yunanov gözləmədədir: “Hələ hara gedəcəyimi dəqiq bilmirəm. Çünki real təklif yoxdur. I Liqada oynamaq baradə düşünməmişəm. Ona görə bu haqda dəqiq heç nə deyə bilməyəcəm”.

“Araz-Naxçıvan”ın son mövsümdə bombardiri olmasına rəğmən, komandadan göndərilən Orxan Əliyevsə Azərbaycanda qalmaq istəmir: “Karyeramı xaricdə davam etdirmək istəyirəm. Bu yöndə danışıqlar davam edir”.

“Ümraniyəspor”dan ayrılan Coşqun Diniyev də gözləyir. Amma onun kənarda qalması daha yaxşı təklif alması və daha iddialı klubda oynamaq istəməsi lə bağlıdır. Futbolçunun dediynə görə, yeni klubunun adı yaxın 3-4 gün ərzində bilinəcək.

GÜNAY SÜLEYMANOVA

Shares: