Bir həftə əvvəl səfərdə “Şerif”i məğlub edən (1:0) “Zirə” Avropa Liqasının II təsnifat mərhələsinə adlamaq üçün yaxşı fürsət əldə etmişdi. Moldovada qeydə alınan nəticədən sonra üstünlük “qartallar”ın tərəfində idi. Bununla belə, “Şerif”in zəngin avrokubok təcrübəsi cavab matçının daha çətin keçəcəyini deməyə əsas verirdi. Bakıdakı görüş bu fikrin əsassız olmadığını təsdiqlədi.
Əslində, doğma divarlar arasında keçirilən cavab qarşılaşması “Zirə” üçün əla başlamışdı. Rəşad Sadıqovun komandası Bakının istisinə alışmayan qonaqlara 5-ci dəqiqədəcə “soyuq duş” yaşatdı. Qismət Alıyevin cərimə zərbəsindən havalandırdığı topu Davit Volkov daha əlverişli mövqedə dayanan Rafael Utziqə tərəf çevirdi, braziliyalı forvard isə yaxın məsafədən başla qapını dəqiq nişan aldı.
Ümumi hesabda 2:0 öndə olan “Zirə”nin bu üstünlüyü əldən verəcəyi ağla gəlmirdi. Heç hesab açılandan sonrakı mənzərə də bu cür düşünməyə əsas vermirdi. Çünki üstünlük tam olaraq qəsəbə klubunun tərəfində idi. “Şerif” meydan sahiblərinin qapısı qarşısında təhlükəli epizod yaratmaqda belə, çətinlik çəkirdi. “Zirə”nin əks-hücumları daha təhlükəli alınırdı. Ta ki 40-cı dəqiqəyə qədər…
Həmin dəqiqədə meydanın mərkəz xəttinə yaxın yerdə maraqlı epizod yaşandı. Əvvəlcə referi “Şerif”in oyunçusunun topsuz mövqedə “Zirə”li futbolçuya qarşı kobud oynadığını əsas gətirərək, fitini çaldı. Epizodun davamında isə top uğrunda mübarizə aparan Salifu Suma lüzumsuz hərəkət etdi, qonaqların oyunçusu Papa Yadenin üzünə əli ilə zərbə endirdi. Bu, hakimin gözündən qaçmadı və Suma birbaşa qırmızı vərəqə alaraq, meydandan qovuldu. “Zirə”nin “qara dəqiqələri” məhz bundan sonra başladı…
Aydın məsələ idi ki, 10 nəfərlə qalan təmsilçimiz üçün matçın qalan hissəsi çox çətin keçəcək. İlk hissəni hesabda öndə bitirən “Zirə”nin baş məşqçisi birinci əvəzetməni fasilədəcə etdi. Rəqibin uzun ötürmələrindən ehtiyatlanan Rəşad Sadıqov müdafiədə oyunçu sayını artırmaq üçün hücumçu Rafael Utziqin əvəzinə Stefan Akanı meydana buraxdı. “Şerif”in çalışdırıcısı Yuri Qura isə fasilədə Peter Ademonu oyundan çıxararaq, “Qəbələ”dən yaxşı tanıdığımız Əyyub Allaşa şans verdi.
Zaman Sadıqovun bu əvəzetməsinin yanlış, Quranın etdiyi dəyişikliyin isə doğru olduğunu göstərdi. Akanı oyuna qoşmaqda məqsəd rəqibin qol vurmasını əngəlləmək idi ki, bu missiya yerinə yetirilmədi. Allaş isə baş məşqçisinin ondan gözlədiyini artıqlaması ilə etdi, 1 qol, 1 assistlə, üstəlik, oyunsonrası penaltilər seriyasında həlledici zərbəni dəqiq vurmaqla matçın qəhrəmanına çevrildi.
“Zirə” ikinci hissədə qapısının toxunulmazlığını cəmi 8 dəqiqə saxlaya bildi. Artıq 54-cü dəqiqədə Tiaqo Silva ilk topu qapısından çıxartmalı oldu. “Şerif”in qurduğu 4 ötürmədən ibarət, əla kombinasiyanın (!) yekununda az öncə meydana daxil olan Allaş topu başla qapıdan keçirdi. Bu qol həyəcan təbili çalsa da, hələ yekun hesab “Zirə”nin xeyrinə idi. Sadıqov 10 nəfərlə qalan komandasının yorulmaması üçün növbəti əvəzetmələri etsə də, bu da bir işə yaramadı. Təxminən 20 dəqiqə kəsərli hücum qurmaqda çətinlik çəkən “Şerif” 77-ci dəqiqədə kornerdən sonra ikinci qolu vurdu. Yenə səhnəyə Allaş çıxdı və uzaq küncə dəqiq hava ötürməsi verərək, Yadenin başla fərqlənməsinə şərait yaratdı. İlk hissədə Sumanın əli ilə üzünə vurduğu Yadenin cavabı “Zirə”nin qapısına vurduğu qol oldu.
Bundan sonra psixoloji üstünlük tam olaraq “Şerif”in tərəfinə keçsə də, əsas vaxtın qalan dəqiqələrində “Zirə” daha fəal idi. 90 dəqiqənin sonunadək qapı tiri bir dəfə qonaqların köməyinə çatdı. Qismət Alıyevin cərimə zərbəsindən ötürməsi az qala qolla nəticələnəcəkdi. Ancaq qapıya istiqamətlənən topun qarşısını tir kəsdi və həmin epizodda “Zirə”nin bəxti gətirmədi. Ardınca Rüstəm Əhmədzadənin ötürməsindən sonra Ceyhun Nuriyevin zərbəsinə “Şerif”in müdafiəçisi kritik blok qoymağı bacardı.
Əlavə 30 dəqiqədə də 10 nəfərlə oynayan təmsilçimiz daha kəsərli hücumlar qururdu. Oyuna əvəzetmədən uğurlu qoşulan Rüstəm Əhmədzadə xüsusi fəallığı ilə seçilirdi. Məhz onun ötürməsindən sonra Abbas İbrahimin yaxın məsafədən zərbəsinin qarşısını yenə qonaqların müdafiəçisi kəsməyi bacardı. Belə olan halda, qalibin müəyyənləşməsi üçün penaltilər seriyasına ehtiyac duyuldu.
Penaltilər seriyası lotereyadır, həmin gün daha soyuqqanlı və şanslı olan komanda bu lotereyanın qalibi olur. Rəşad Sadıqov oyundan öncə “penaltilər seriyasına hazırlaşmağı xoşlamıram, amma hər gedişata hazır olmaq lazımdır” deməklə sanki qalibin əsas və əlavə vaxtda müəyyənləşməyəcəyini hiss etmişdi. İnsafən, “Zirə”li futbolçular 11 metrlik zərbələri pis yerinə yetirmədilər. İlk 4 zərbə dəqiq olduğu halda, yalnız Fuad Bayramovun yerinə yetirdiyi 5-ci penalti qolla nəticələnmədi. Onda da Fuad rəqib qapıçını aldatmağı bacarmışdı, sadəcə, qapı tiri ikinci (!) dəfə “Şerif”in dadına çatdı.
“Zirə”nin qapıçısı Tiaqo Silva əksər penaltinin istiqamətini tapsa da, heç birini dəf edə bilmədi. Dünən Silvanın günü deyildi. Tək onun yox, dünən Rəşad Sadıqovun, “Zirə”nin də günü deyildi. Bunun bir nömrəli günahkarı isə heç nədən qırmızı vərəqə alaraq komandasını 80 dəqiqə azlıqda qoyan Salifu Sumadır. Sadıqov onunla bağlı ən sərt cəzanı tətbiq etməlidir, edəcəyinə də şübhəmiz yoxdur.
“Zirə”nin Avropa Liqasında növbəti mərhələyə adlaya bilməməsi bizi məyus etdi. Lakin Sadıqovun oyundan sonra dediyi kimi, düzgün təhlillər aparılsa, bu məğlubiyyət onların böyüməklərinə imkan yaradacaq. Hər nə qədər Rəşad Sadıqovun futbolçu kimi zəngin avrokubok təcrübəsi olsa da, məşqçi kimi beynəlxalq oyunu barmaqla sayılacaq qədərdir. Bu mənada, “Şerif”lə dünənki matç onun özünə də təcrübə qazandırdı.
ABBAS