Azərbaycan futbolunun yeganə lokomotivi avrokuboklarda mübarizəyə start verir. “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ötən mövsüm mübarizədən kənarlaşdırdığı Cəbəllüttariqin “Linkoln Red İmps” klubu ilə yenidən münasibətlərinə aydınlıq gətirəcək.
Təbii ki, komandamızın bu mərhələdə münasib rəqiblə düşməsi bizi sevindirməyə bilməz. Çünki onları “relsdən çıxardıqdan” sonra dişimizi sıxıb daha iki mərhələ keçsək, Çempionlar Liqasının yeni formatının əsas mərhələsində mübarizə aparacağıq.
Ötən il bu komandanın tarixi haqda yetərincə məlumat verdiyimizdən, yenidən “cırtdanlar dünyası”nln keçmişindən danışmaq fikrimiz yoxdur. Bircə onu xatırladaq ki, 1976-cı ildə Böyük Britaniyanın Zamora ərazisində yaradılan bu klub tarixi ərzində 27 dəfə Cəbləllüttariq çempionu olub ki, bu da ölkə rekordudur. Maraqlıdır ki, bu çempionluqların 14-nü ardıcıl qazanıblar. Oyunlarını isə 5000 nəfərlik tutuma malik “Viktoriya” stadionunda keçirirlər.
Klubun adı İngiltərənin “Linkoln Siti” komandasından götürülüb. Ləqəbləri də “qırmızı cinlər”dir. Klub Böyük Britaniyaya o qədər bağlıdır ki, onun stadionu və ofisi Uinston Çörçill prospektində yerləşir.
Hər nə qədər Böyük Britaniyaya meyilli komanda olsa da, “Linkoln” cənub temperamenti ilə diqqət çəkir. Bu da İspaniyanın təsiri altında olması ilə əlaqəlidir. Təsadüfi deyil ki, komandada hazırda 10 ispaniyalı futbolçu top qovur. Hər il heyət dəyişən bu komandanın gedib-gələnlərinin də əksəriyyəti ispanlardır. Bu yay da istisna təşkil etməyib. Belə ki, mövsüm başa çatdıqdan sonra “Linkoln”u 34 yaşlı i mərkəz hücumçusu Xuanfri, 28 yaşlı dayaq yarımmüdafiəçisi Marko Rosa tərk edibsə, 40 yaşlı ispaniyalı sağ cinah hücumçusu Xuampe karyerasını başa vurub. Bu 3 ispaniyalı ilə əməkdaşlığı dayandıran “Linkoln” Pirineydən 32 yaşlı sol vinger Toni Qarsiya, 33 yaşlı orta xətt oyunçusu Xose Oliver, 30 yaşlı sağ cinah müdafiəçisi Rafa Munyos, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi Karlos Sid, 32 yaşlı mərkəz hücumçusu Pedro Martin və 30 yaşlı forvard Kike Qomeslə müqavilə imzalayıb. Gördüyünüz kimi, 3-nün əvəzinə 6-ı gəlib.
“Qırmızı cinlər” yayda qeyri-ispaniyalı bircə futbolçu ilə güclənib ki, o da öz oyunçularıdır: 23 yaşlı cəbəllüttariqli qapıçı Ceylan Henkins icarə əsasında çıxış etdiyi “Bruno`s Meqpays” komandasından geri qayıdıb. Təbii ki, “Linkoln” istər ispaniyalıları, istərsə də digər legionerləri səviyyəcə elə də yüksək futbolçular deyil. Xüsusən də ispaniyalılar öz ölkələrinin aşağı dəstə komandalarında çıxış edib.
Hazırda komandanın çıxışını incələməli olsaq, Maltanın “Hamrun Spartans” klubu ilə I təsnifat mərhələsindəki oyunlarına xüsusi diqqət ayırmalıyıq. Adalıları səfərdə 1:0 hesabı ilə məğlub etdikdən sonra doğma meydanda eyni hesabla uduzan cəbəllüttariqlilər yalnız penaltilər seriyasında istəyinə çatdı. Əslində, onların niyə belə çətinliklə üzləşdiyini anlamaq çətin deyil. Evdə 5-ci dəqiqədə komandanın yeganə ingilis futbolçusu Dan Bentin qırmızı vərəqə alması onların işini çətinə saldı. Mərkəz hücumçusunun meydanı erkən tərk etməsi “Linkoln”un işlərini korladı. Hərçənd təmkinlə müdafiə olunmağı bacardıqlarından uzun müddət qapılarını toxunulmaz saxlamağı bacardılar. Ancaq 89-cu dəqiqədə maltalılar hesabı açmaqla oyunun taleyini əlavə vaxta daşıdılar. Burada qol səsi çıxmayınca, qaliub penaltilərlə müəyyənləşdi. Nəticəsi də məlumdur.
Bir məqamı da vurğulayaq ki, hər iki oyunda “Linkoln” “Hamrun”un hücumlarını zərərsizləşdirməklə məşğul olub. Məsələn, ilk oyunda cəbəllüttariqlilər qapı istiqamətinə endirdiyi yeganə zərbənin bəhrəsini gördüsə, cavab matçında qol vura bilmədi. Amma azlıqda qalmasına baxmayaraq, “Linkoln” kəskin əks-hücumlara keçib “çərçivə”yə 5 zərbə endirməyi bacarmışdı.
“Qırmızı cinlər”in taktikasına gəlincə, ispaniyalı mütəxəssis Xavi Munyos əsasən 4-3-3 taktiki düzülüşünə üstünlük verir. Cinah hücumlarına bel bağlayan bu komandanın ən təhlükəli oyunçusu 24 yaşlı cəbəllütariqli vinger Tyaj De Barrdır. “Linkoln” hücumlarını əsasən onun üzərində qurur. Adətən sol cinahda oynamağa üstünlük versə də, bəzən sağ tərəfə də keçir. Təbii ki, “Qarabağ” müdafiəçiləri Tyajı bağlamaqda çətinlik çəkməyəcək, amma onu nəzarətdən kənarda qoymaq olmaz.
Bir də ki, “cırtdan” ölkənin futbolçuları bəzən uzaqdan zərbələr endirməyi sevir. Son vaxtlar “Qarabağ” belə topları asanlıqla buraxır. Buntiçin yeni olması, Şahruddinin “məharəti”ni nəzərə alsaq, bir az bu yöndə problem yaşaya bilərik. Ona görə də belə vəziyyətdə dayaq yarımmüdafiəçilərimizin işi daha da artacaq. İstənilən halda, “Qarabağ” ötən mövsüm hər iki oyunda məğlub etdiyi bu komandanın işini elə ilk oyunda bitirməlidir. Səfərdə qələbə qazanmaq zəruridir.
FƏRİD