Türkiyədəki təlim-məşq toplanışını başa vuran “Səbail” vətənə qayıdıb. “Dənizçilər” hazırlıq dönəmində 3 yoldaşlıq oyunu keçirib ki, bunlardan ikisi “Ərzurumspor”a qarşı olub.
Futbolinfo.az xəbər verir ki, sözügedən komandaya bir dəfə uduzub digərində heç-heçə edən (2:3, 2:2) Bayıl təmslçisi, “Hatayspor”la matçdan da bərabərliklə (1:1) ayrılıb.
Komandanın baş məşqçisi Şahin Diniyev “Futbolinfo”ya açıqlamasında yoldaşlıq görüşlərinin yorğunluq fonunda keçdiyini bildirib: “Komanda Ərzuramda 14 günlük təlim-məşq toplanışında oldu. Burada əsas məqsəd fiziki, funksional, atletik hazırlığımızın yüksəldilməsi idi. Uşaqlar bunun öhdəsindən gəldilər. Onlardan istədiyimdən daha çoxunu ala bildim. Bizim üçün yaxşı toplanış oldu. Demək olar ki, kollektivimiz 50-60 faiz dəyişib. Yeni bir komanda quracağıq və bu, bizi qorxutmur. Buna görə çox işləmək lazımdır. Yeni gələn legionerlər və yerli futbolçular yavaş-yavaş sistemə “oturacaqlar”. Bakıda daha 2 həftə vaxtımız var. Bu müddət ərzində isə daha çox taktika üzərində işləyəcəyik. Çox savadlı, gənc futbolçularımız var. Hesablamışam, yaş həddimiz 23.7-dir. Bu da ondan xəbər verir ki, aqresiv, çox qaçan və daha çox iş görən komanda olacağıq. Bu, məni sevindirir. Yoldaşlıq oyunlarını yorğunluq fonunda keçirdik. Əhəmiyyəti, nəticəsi o qədər də önəmli olmasa da, meydana çıxan futbolçular sırf qələbə üçün oynayırdılar. Ərzurum dəniz səviyyəsndən 3 min metrə yaxın yüksəklikdədir. Oradan qayıtdıqdan sonra adaptasiya olmaq üçün bizə 10-14 gün vaxt lazım idi. Ona görə tez qayıtmağa qərar verdik. Lakin nə qədər hazır olduğumuzu demək çox çətindir. Heç bir klub çempionata 100 faiz hazır deyil. Oyunlar getdikcə daha tez formamızı yığmağa çalışacağıq”.
GÜNAY SÜLEYMANOVA