Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını Xorvatiyada davam etdirə bilər.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, “Hayduk” klubu İsveçrə təmsilçisi “Qrasshopper”in hücumçusu üçün danışıqları intensivləşdirib.
Baş məşqçi Cennaro Qattuzo və idman direktoru Nikola Kaliniç millimizin üzvünün transferi ilə ön xətdəki problemin yoluna qoyulacağını düşünürlər. Belədə Marko Livaya da sevimli mövqeyi olan pleymeyker kimi oynaya biləcək.
Yeganə problem Dadaşovun transfer qiymətidir. Belə ki, “Qrasshopper” onun satışından 1,8 milyon avro qazanmağı planlaşdırır. Lakin xorvatiyalılar qarşı tərəfin bu məbləğdə endirimə getməsini istəyir.
Transfer reallaşsa, Renat Xorvatiya futbolunun canlı əfsanəsi İvan Rakitiçlə komanda yoldaşı olacaq. Çünki ulduz futbolçu da bir neçə gün əvvəl “Hayduk”a keçib.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Hatayspor”da keçirən 25 yaşlı hücumçunun “Qrasshopper”lə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.