“Şamaxı”nın yeni transferi, qapıçı Kamal Bayramovun futbolinfo.az saytına müsahibəsi

– “Şamaxı”nın bu yay heyətinə qatdığı yeni futbolçulardan biri də siz oldunuz. Seçiminizdə baş məşqçi Ayxan Abbasov faktoru əsas rol oynadı?

– Ümumən, Ayxan Abbasovun karyeramda rolu böyükdür. Təkcə “Şamaxı”da deyil, “Zirə” və “Turan Tovuz”da da onunla bir yerdə işləmişik. Yəni bir-birimizi çoxdan tanıyırıq. Ayxan müəllimin fikirləri, futbol fəlsəfəsi mənə uyğundur. Buna görə də karyeramı “Şamaxı”da davam etdirməyi üstün tutdum.

– “Turan Tovuz” doğma şəhərinizin komandasıdır. Tovuz klubundan ayrılmaq sizin üçün çətin olmadı?

– Əlbəttə, “Turan Tovuz” mənim üçün çox doğmadır. Ancaq futbolda hərdən gözlənilməz qərarlar da verə bilirsən. Bu gün “Turan Tovuz”da yoxam, buna baxmayaraq, onlara növbəti mövsümdə uğurlar arzulayıram.

– Yeni mövsümə hazırlıq prosesi necə gedir? Siz və digər yeni transferlərin komandaya tam uyğunlaşması üçün nə qədər zamana ehtiyac var?

– Hazırlığımız ölkə daxilində – Şamaxıda davam edir. Hər şey qaydasındadır, hər kəs yeni mövsümə istək və əzmlə hazırlaşır. Uyğunlaşma prosesinə gəlincə, əlbəttə, adaptasiya hər zaman istədiyin formada keçə bilməz. Yeni transferlər olaraq, çalışırıq ki, maksimum dərəcədə qısa zamanda komandaya adaptasiya olaq.

– Premyer Liqaya yeni qayıdan “Şamaxı”nın hədəfi nə olacaq? Komandanızın gücü çempionatda hansı yerlər uğrunda mübarizə aparmağa çatacaq?

– Hədəflər haqda danışmaq mənə aid deyil. Mən də daxil olmaqla, hər bir futbolçumuzun istəyi budur ki, mübariz kollektiv olaq, rəqibin kimliyindən asılı olmayaraq, sonadək döyüşək.

– “Şamaxı”nın heyətində ən təcrübəli futbolçusunuz. Yaşınızla əlaqədar növbəti mövsüm sizin üçün sonuncu ola bilər, yoxsa daha bir neçə il karyeranızı davam etdirməyi planlaşdırırsınız?

– Hazırda bütün diqqətimi qarşıdakı mövsümə yönəltmişəm. “Şamaxı”nın uğurları üçün hamı kimi, mən də əlimdən gələni edəcəyəm. Növbəti il haqda isə danışmaq hələ tezdir. Allah hər birimizə xeyirli, sağlam ömür versin. İnşallah, yaşayıb görərik.

ABBAS

Shares: