“Qarabağ”ın sabiq futbolçusu, “Sumqayıt”ın əvəzedici komandasının baş məşqçisi Vaqif Cavadovun futbolinfo.az saytına müsahibəsi

– Vaxtilə formasını geyindiyiniz “Qarabağ” klubu Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”la keçirdiyi ilk oyunda 2:0 hesablı qələbə qazandı. Ağdam təmsilçisinin səfərdə sərgilədiyi oyun, komandanın hazırkı durumu xoşunuza gəldi?
– Həm nəticə, həm də sərgilənən oyun ürəyimcə oldu. Nəzərə alaq ki, komandanın bu mövsüm ilk rəsmi görüşü idi. Yoldaşlıq matçları ilə rəsmi qarşılaşmalar bir-birindən çox fərqlənir. “Linkoln”un meydançasının süni örtüklü olması, üstəlik, hava şəraiti “Qarabağ”a bir qədər maneə törədirdi. Buna baxmayaraq, komanda ilk görüşdə lazım olan nəticəni əldə edə bildi. “Qarabağ”ın rəqibindən güclü olduğu açıq-aşkar göründü.

– “Qarabağ”ın heyətində ən çox kimin çıxışını bəyəndiniz?
– Hansısa futbolçunun adını çəkmək doğru olmaz. Komanda şəklində yaxşı təsir bağışladılar. İlk rəsmi oyundur, futbolçular hələ əsl formalarını tam bərpa etməyiblər. Biz öyrəşmişik ki, “Qarabağ” get-gedə tempi artırır və daha yaxşı oyun sərgiləyir.

– Yəqin ki, Bakıdakı görüşdə də “Qarabağ”ın asanlıqla qalib gələcəyini gözləyirsiniz…
– “Qarabağ” həmişə olduğu kimi, rəqibinə hörmətlə yanaşır. İnanıram ki, Bakıda səfərdəkindən daha yaxşı, daha istəkli oyun nümayiş etdirəcəklər və burada da qələbə qazanaraq, növbəti mərhələyə adlayacaqlar. Onlara uğurlar arzu edirəm.

– Növbəti mərhələdə “Qarabağ”ın qarşısına ya “Ludoqorets”, ya da Minsk “Dinamo”su çıxacaq. Bu komandalardan hansının sabiq klubunuza rəqib olmasını istərdiniz?
– Fikrimcə, indidən növbəti mərhələni fikirləşmək düzgün olmaz. Zatən, “Qarabağ” da indi bu barədə düşünmür. Hazırkı mərhələni keçəndən sonra bu barədə fikir bildirmək daha məqsədəuyğundur. Onu deyə bilərəm ki, hər iki komanda – həm “Ludoqorets”, həm də “Dinamo” köklü klublardır. Buna baxmayaraq, “Qarabağ”ın həmin mərhələdə də yaxşı nəticə əldə etmək şansının yüksək olduğunu düşünürəm.

– Bu gün Konfrans Liqasında 3 klubumuzu sınaq gözləyir. “Sumqayıt”ın “Fehervar” önündə şansını necə qiymətləndirirsiniz? Sizcə, Samir Abasovun komandası “Fehervar”ı məğlub yola sala biləcək?
– Sumqayıtda tarixi gündür, böyük arenamıza əcnəbi komanda gəlir. Azarkeşlərin stadionu tam dolduracaqlarına inanıram. “Sumqayıt”ın yaxşı oyun sərgiləyərək növbəti mərhələyə adlamaq şansı var. İlk rəsmi matç olduğu üçün görüş çətin keçə bilər. Buna rəğmən, “Sumqayıt”ın ev oyununda istədiyi nəticəni əldə edəcəyinə və səfərdəki cavab matçına üstün durumda yola düşəcəyinə inamım böyükdür. Avrokuboklarda çıxış edən bütün klublarımıza uğurlar arzulayıram.

– Konfrans Liqasındakı digər təmsilçilərimiz “Zirə” və “Sabah”dan hansı nəticəni gözləyirsiniz?
– “Zirə” və “Sabah”a da güvənirəm. “Sabah”ın bəxtinə daha ciddi, daha ağır rəqib düşüb. “Makkabi”nin gücü hər kəsə bəllidir. Buna baxmayaraq, “Zirə” ilə yanaşı, “Sabah”dan da uğurlu nəticə gözləyirəm.

FƏRİD

Shares: