Olimpiya Oyunlarında atıcılıq yarışları bir sıra maraqlı məqamları ilə yadda qalıb. Onlardan ən maraqlısı isə türkiyəli idmançının obrazıdır.
51 yaşlı Yusif Dikeç 10 metr pnevmatik tapançadan atəş açmaq növündə qarışıq duetlərdə yarışıb.
Adi eynək, rahat poza, əli cibində olan idmançı, sanki arenanın yanından keçirmiş kimi Olimpiadada iştirak etmək qərarına gəlib. Və yaxud da tribunadan düşərək “görün mən bunu necə edə bilərəm” – deyərək hamıya meydan oxumağa başlayıb.
Onun obrazı artıq interneti fəth etməkdədir.
Yusif olimpiya atıcısına bənzəmir. Onun nə xüsusi atıcı eynəyi, nə səs-küyü aradan qaldıran nəhəng qulaqcıqları, nə də atıcı kostyumu yoxdur.
Müqayisə üçün rəqibinin görkəminə nəzər yetirək:
Atıcılıq eynəkləri idmançıların işini xeyli asanlaşdırır.
Gözdəki obyektiv gözün daha yaxşı fokuslanmasına kömək edir, ametropiyanı düzəldir. Eyni zamanda bu linza gözü parıltıdan və işığın əks olunmasından qoruyur. İkinci linza əvəzinə bu eynəklərdə şəffaf bir okklyuzer var – o, digər gözün görmə qabiliyyətini məhdudlaşdırır ki, bununla da atış zamanı gözünüzü qıymağa ehtiyac qalmır.
Qulaqlıqlar da vacib aksesuardır. Onlar konsentrasiyaya mane olan səs-küyü tamamilə aradan qaldırır.
Yusif isə bunların heç birindən istifadə etmir. Ona ancaq adi eynək və qulaq tıxacları lazımdır. İdmançı heç gözlərini də qıymır.
Parisdə Dikeç Şevval Tarxanla birlikdə gümüş medal qazanıb. Finalda onlar Serbiya duetinə uduzublar.
Yusif ehtiyatda olan Türkiyə Jandarma zabiti və bacarıqlı idmançıdır. Paris-2024 onun beşinci Olimpiadasıdır. O, ilk dəfə 2008-ci il Pekində mübarizə aparıb.
Yusif ikiqat dünya, beşqat Avropa çempionu olsa da, indiyədək heç vaxt olimpiya medalı qazanmamışdı. Nəhayət ki, bu arzusu 51 yaşında gerçəkləşib.