“Sabah”ın müdafiəçisi Elvin Camalov Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Makkabi”ni (Hayfa, İsrail) məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:
- Elvin, belə bir amansız döyüşdən sonra təəssüratların necədir?
- Əlbəttə, çox sevincliyik. Bütün komanda və azarkeşlər olaraq buna hazırlaşmışdıq. Səfərdəki oyundan fərqli olaraq, çox çətin oyun keçdi. Demək olar ki, daha fərqli rəqib gördük. Buna baxmayaraq, əziyyətimiz yerdə qalmadı. Sonda qələbə qazanan biz olduq. Bunun üçün bizi dəstəkləyən, yanımızda olan və bizə inanan hər kəsə təşəkkürümü bildirirəm.
- Həm 90 dəqiqə, həm də əlavə vaxtda müdafiədə çox səhvləriniz oldu…
- Düzdür. Biz də istəməzdik. Elə epizodlar olurdu ki, çox çarəsiz qalırdıq. Komanda olaraq səhvlərimiz yaranırdı.
- Rəqibin gücü idi, yoxsa “Sabah”ın zəifliyi?
- Demək olar ki, biz əvvəldən yaxşı başlamadıq. Səfərdə də ilk 20 dəqiqəni yaxşı başlamamışdıq, amma sonra toparlanmışdıq. Burda isə toparlana bilmədik. Həm də rəqib daha ciddi hazırlaşmışdı, bu da gözlənilən idi. Amma sona qədər savaşdıq. Əlimizə düşən fürsətlərdən yaxşı istifadə etdik. Sonda da penaltilər oyunun taleyini həll elədi. Fikrimcə, ordakı əziyyətimizlə burdakı mübarizəmizin birgə bəhrəsini gördük.
- Oyuna sonradan daxil oldun. Bu, baş məşqçinin qərarıydı, yoxsa fiziki durumunda problem yarandı?
- 2 gün öncə məşqdə zədəm, yəni ağrılarım vardı. Məşqçimlə söhbətimiz oldu. Dedi ki, istəyirsənsə, ehtiyatda başla, sonradan oyuna daxil olarasan. Qərar belə verildi.
- 6 top buraxıb, mərhələ keçəcəyiniz ağlına gələrdi?
- Heç səfərdə də 3 top vuracağımız ağlıma gəlməzdi. Burdakı nəticə ilə tarazlıq yarandı. Orda da 3 top, burda da 3 qol vura bildik.
- İlk dəfə idi ki, Azərbaycan klubu penaltilər seriyasında qalib gəlirdi. Əvvəl “Partizan”la olan oyun gözünüzün önündən keçdimi?
- O oyundan dərs çıxarmışdıq. Çünki orda qələbəni öz əlimizlə rəqibə verdik. Burda isə ciddi yanaşmışdıq. Bu dəfə isə uğurlu olduq, qürurluyq. Tarix yazdıq, həm də belə bir rəqibə qarşı.
- 3-cü təsnifat mərhələsində rəqib “Sent-Patriks Atletik” olacaq. “Makkabi”dən fərqli olaraq, sizin üçün bu dəfə mərhələ adlamağın daha asan olacağı düşünülür…
- Fikrimcə, rahat rəqib yoxdur. Hər şey meydanda həll olunur. Elə ötən mərhələdə biz hardasa, özümüzü fovorit hesab eləmirdik. Yəni belə düşünənlər çox idi. Şükür ki, bu gün mərhələ adlayan biz olduq. İndi biz özümüzü fovorit hesab edib, gələn oyunda qələbə qazana bilməsək, onda da adımıza mənfi düşüncələr formalaşacaq. Oyunu oynamamış, öncədən proqnoz vermək düzgün deyil.
GÜNAY SÜLEYMANOVA