“Sabah” klubunun futbolçusu Boyan Letiçin futbolinfo.az saytına müsahibəsi

– “Makkabi” ilə cavab matçının bu qədər dramatik keçəcəyini gözləyirdiniz? Oyunla bağlı fikirləriniz necədir?

– Bizi çox güclü rəqiblə oyunun gözlədiyini bilirdik. İlk matçdakı böyükhesablı qələbəmiz rəqib üçün çox gözlənilməz olmuşdu. Buna görə onların Bakıdakı görüşə çox yaxşı motivasiya olacağı gözlənilən idi. Rəqib cəmi iki il öncə Çempionlar Liqasının qrupunda oynamışdı. Bu oyun bir daha onların səviyyəsini göstərdi. Buna baxmayaraq, rəqibə bu cür imkanlar verməməli, xüsusilə ikinci hissədə 4 qol vurmasına şərait yaratmamalıydıq. Fikrimcə, püşkdən dərhal sonra bu cütdə bizim penaltilər seriyasında növbəti mərhələyə vəsiqə qazanacağımızı desəydilər, hamı buna razı olardı. Əsas olan odur ki, bu mərhələni adladıq. Bu, klubumuz üçün böyük uğurdur.

– Matçın gedişində və ya penaltilər seriyasında heç “mərhələ adlaya bilməyəcəyik” deyə qorxu hissi keçirdinizmi?

– Belə anlarda əlavə nəsə düşünmürsən, sadəcə, oyuna köklənirsən. Amma düzünü deyim, Mikels penaltini qaçıranda ötən mövsüm “Partizan”la matçdakıların təkrarlanmamasını dilədim.

– Baş məşqçi Krunoslav Renduliç oyunsonrası mətbuat konfransında bildirdi ki, sonuncu penaltini siz vuracaqdınız. Özünüzü penaltiyə tam hazırlamışdınız, vura biləcəyinizə əmin idiniz? Yoxsa ehtiyat etdiyiniz üçün son penaltiyə ehtiyac qalmadığına daha çox sevindiniz?

– Bəli, sonuncu penaltini mən vurmalı idim. Düzü, buna ehtiyac qalmaması yaxşıdır. Amma növbə mənə çatası olsaydı belə, penaltini qola çevirəcəyimə inanırdım.

– Konfrans Liqasındakı növbəti rəqib İrlandiyanın “Sent-Patriks Atletik” klubu olacaq. “Makkabi” səddini aşdıqdan sonra bu komandanı daha rahat keçəcəyinizi düşünürsünüz? Növbəti mərhələyə adlamaq şansınız nə qədərdir?

– Avrokuboklarda asan rəqib olmur. Hər bir rəqibə ciddi yanaşmaq lazımdır. Məsələn, “Makkabi” ilə oyunlardan öncə az sayda adam bizi şanslı sayırdı. Amma biz mərhələ keçməyi bacardıq. Futbol belə anları ilə gözəldir.

– Konfrans Liqasındakı növbəti oyunadək çempionatın ilk turu çərçivəsində “Şamaxı”nın qonağı olacaqsınız. Yəqin ki, bu matçdan gözləntiniz 3 xaldır. “Sabah” üçün eyni anda 3 cəbhədə mübarizə aparmaq çətin olmayacaq?

– Hər 3 cəbhə bizim üçün çox vacibdir. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Amma hər oyunumuza qələbə üçün çıxırıq. “Şamaxı” ilə matç Premyer Liqada yeni mövsümün ilk oyunudur. Bu görüşdən 3 xalla ayrılmaq və liqada da sezona uğurlu start vermək niyyətindəyik.

FƏRİD

Shares: