Misli Premyer Liqasının ilk turunda qarşılaşan “Neftçi” və “Turan Tovuz” qolsuz heç-heçəyə razılaşdı. Oyundan sonra “ağ-qaralar”ın yarımmüdafiəçisi Kilan Lebon jurnalistlərin sualların cavablandırdı.

–  İlk öncə oyun haqda fikirlərini öyrənmək istərdik. Nə dərəcədə razı qaldın?

– Oyundan razı qalmadım. Çətin matç idi. Rəqib çox yaxşı müdafiə olunurdu. Çalışırdıq ki, çıxış yolu tapaq. Bu dəfə uğursuz alındı, ümid edirəm növbətisi uğurlu olar.

– Yayda edilən dəyişikliklərdən sonra komandada oyun baxımından hansı dəyişiklikləri görürsən?

– Yeni baş məşqçi, yeni sistem var. Hər bir oyunçudan fərqli-fərqli tələbləri var. Məşqçinin istədiklərini yerinə yetirməyə çalışmalıyıq.

– Azarkeşlər çempionluq gözləyir. Bəs, sən çempionluğa nə qədər inanırsan?

– “Neftçi” üçün hədəf həmişə çempionluqdur. Addım-addım buna doğru getməyə çalışacağıq. Nə dərəcədə yaxşı alınacağını zaman göstərəcək.

– Təlim-məşq toplanışından sonra ilk oyundu, özünü formada hiss edirsən?

– Komandanın təlim-məşq toplanışına bir neçə həftə sonra qoşulmuşdum. Buna görə də bir qədər geri düşdüm. Buna baxmayaraq, istədiyim formanı yığmağa başlayıram. Qarşıdakı oyunlarda özümü daha yaxşı tərəfdən göstərməyə çalışacam.

GÜNAY SÜLEYMANOVA

Shares: