UEFA Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanda Hayfa “Makkabi”sini 3:0 hesabı ilə məğlub etdikdən sonra hamımız fikirləşirdik ki, görəsən, növbəti mərhələdə “Sabah” İrlandiyanın “Sent-Patriks Atletik”, yoxsa Lixtenşteynin “Vaduts” klubu ilə qarşılaşacaq. Bakıda İsrail təmsilçisi Krunoslav Renduliçin komandasının başına oyun açanda artıq o hayda deyildik. İş penaltilər seriyasına çatanda isə taleyimizlə barışmışdıq. Çünki heç vaxt Azərbaycan komandası belə “lotereya”lardan mənfəət götürməmişdi. Amma sanki futbol Tanrısı səfərdə və evdə 3 qol vurmağı bacaran “Sabah”ı mükafatlandırdı.

Növbəti mükafat isə komandamızın daha münasib rəqiblə qarşılaşması olacaq. Əslində, bu mərhələdə nisbətən zəif komanda ilə üz-üzə gəlməyimizə görə “Makkabi”yə minnətdarıq. Çünki bu mərhələnin reytinqli komandası növbəti mərhələdə özündən aşağıda olan komandalardan biri ilə üzləşəcəkdi. “Sabah” da hayfalıları yolundan kənarlaşdırdığına görə onun “payını yeməyə hazıraşır”.

Əlbəttə, rəqib klub futbolunda uğurlar qazana bilməyən İrlandiya təmsilçisi olduğuna görə haradasa sevinə bilərik. Amma futbol elə dəyişib ki, istənilən rəqibə ciddi yanaşmaq lazımdır. Bir də ki, “Sent-Patriks” elə də qapazaltı klub deyil. Rəqibin bu gününü incələməzdən əvvəl onun dünəninə qısaca nəzər salaq.

“Sent-Patriks Atletik” İrlandiya futbolunun köklü komandalarından sayılır. Amma adətən bu region klublarının yaranma tarixi XIX əsrin sonlarına gedib çıxırsa, “Sabah”ın rəqibinin əsası 1929-cu ildə qoyulub. Dublini təmsil edən bu komanda tarixi ərzində 8 dəfə İrlandiya çempionu olub ki, bunun da sonuncusu 2012/13 mövsümünə təsadüf edir.

HD7G3MVWV3USSZLPWNZW3PUDNY - Futbolinfo.az

Bu klub tarixi ərzində iki dəfə parlaq dövr yaşayıb. İlk dəfə 1951/52 mövsümündə çempion olan “müqəddəslər” 4 il ərzində 3 dəfə çempionatın ən yaxşı komandası olub. Bir də 1989/90 mövsümündə səhnəyə çıxan Dublin klubu 10 il ərzində daha 4 dəfə çempionluq sevinci yaşayıb. Bununla yanaşı, “Sent-Patriks” 4 dəfə də İrlandiya kubokunun sahibi olub. Sonuncu dəfə ötən il bu uğura imza atıblar.

Bu komanda avrokuboklarda böyük məsafələr qət etməsə də, 1961/62 mövsümündən qitəmiqyaslı səhnələrdə görünüb. Dublinlilər heç vaxt avrokubokların qrup mərhələsində oynamayıb. Son illər tez-tez mübarizəyə qoşulsalar da, 2 mərhələdən artığına nail ola bilmirlər. Məsələn, ötən mövsüm Konfrans Liqasının ilk mərhələsində hər iki oyunda Lüksemburqun “Düdelanj” komandasına uduzublar. Ondan bir il əvvəl isə yenə də Konfrans Liqasında Sloveniyanın “Mura” klubunu penaltilərlə üstələdikdən sonra növbəti mərhələdə Sofiya ÇSKA-sı ilə bacarmayıblar.

Belə xronologiya və analogiyalar çox olduğuna görə statistika ilə sizi yormaq istəməzdik. Bizi indi bir məsələ maraqlandırır: “Sent-Patriks” “Sabah”ı nə ilə yora bilər? Bu komandanın hansı cəhətlərinə xüsusi diqqət ayırmalıyıq?

Bu komandanın ən əsas silahı baş məşqçisi Stiven Kennidir. 2020-23-cü illərdə İrlandiya millisini çalışdıran mütəxəssisdən danışırıq. Doğrudur, o, 3 il ərzində irlandları heç bir böyük turnirə çıxara bilmədi. Amma İrlandiya kimi futbol ənənələrinə malik ölkənin baş məşqçisinə etimad göstərən kluba hörmət etmək lazımdır. Məşqçi kimi Kenninin ən böyük uğuru 2002/03 mövsümündə “Bohemians”ı İrlandiya çempionu etməsidir. Hərçənd 2015 və 2018-ci illərdə “Dandolk”a İrlandiya Kubolunu da qazandırıb. Bir sözlə, 52 yaşlı Stiven ölkəsinin say-seçmə mütəxəssislərindən sayılır. Ona görə də bu il “Sent-Patriks” rəhbərliyi onu kluba dəvət etməklə həm özünü dirçəltmək, həm də məşqçinin əvvəlki əzəmətini qaytarmasına çalışır.

Belə baxanda “Vaduts” kimi möhkəm komandanı keçməklə qığılcım yaraba biliblər. Yəni biz də Lixtenşteyn klubu deyib keçməyək. 2022/23 mövsümündə bu komanda “Neftçi”nin adlaya bilmədiyi Vyana “Rapid”ini mübarizədən kənarlaşdıraraq UEFA Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Deməli, bu “Sent-Patriks” “mərdimazarlıq etməyi bacarır”.

Komandanın heyətinə nəzər salsaq, orada başdan-ayağa irlandiyalı futbolçuların top qovduğunu görərik. Heyətdə cəmi 4 ingiltərəli futbolçu var. Bunlar 2 yarımmüdafiəçi, qapıçı və müdafiəçidir. Bir də isveçli müdafiəçiləri var. 24 yaşlı skandinaviyalı arxa xətt oyunçusu ölkəsinin klublarında özünə yer tapa bilmədiyinə görə ötən ildən Dublinə köçüb. İngiltərəlilərə gəlincə, 20 yaşlı ingilis Arran Pettifer “Bolton”un, 25 yaşlı Romal Palmer “Barnsli” yetirməsidir. Amma o, ötən mövsüm “Göztəpə”də keçirdiyi 33 oyunda 3 qol vurub. Yeni mövsümdə Palmer “Sent-Patriks”də icarə əsasında çıxış edəcək. Qapıçı Yozef Ananq “Vest Hem”dən gələn kimi “çərçivə”də öz yerini tutub. Əl-Amin Kazim isə əsas heyət üzvü deyil.

fd5f519a e005 453a 8d17 1d991c5b8900 - Futbolinfo.az

Komandanın ən təhlükəli oyunçularına gəlincə, 28 yaşlı yarımmüdafiəçi Ceyk Mulrenin adını çəkmək olar. Həm dağıdıcı, həm də qurucu oyuna üstünlük verən bu futbolçu “Vaduts”la ilk oyunda dubl etməklə diqqət mərkəzinə düşdü. Elə yuxarıda adını çəkdiyimiz Palmeri də gözdən yayındırmaq olmaz. Bu futbolçu hər iki oyunda lixtenşteynlilərin başına oyun açdı, üstəlik, səfərdə də qol vurdu. Cinah hücumçusu Zakari Elbuzedi də təhlükə mənbəyidir. “Vest Bromviç Albion”un yetirməsi olan futbolçu son 3 il ərzində İsveçin AİK klubunda öz adından söz etdirə bilib. Amma istənilən halda, “Sabah” “okeanı keçib göldə boğulmamalıdır”.  Sadəcə, rəqibin güclü və zəif cəhətləri təhlil edilməlidir.

“Sent-Patriks Atletik” bu yay…

Gələnlər:

Cozef Ananq – 24 yaşlı ingiltərəli qapıçı (Qana əsillidir), “Vest Hem”dən azad agent statusunda

Al-Amin Kazım – 22 yaşlı ingiltərəli sol cinah müdafiəçisi (Nigeriya əsillidir), “Kolçester Yunayted”dən azad agent statusunda

Eydan Kina – 25 yaşlı irlandiyalı mərkəz hücumçusu, “Çeltenhem Taun”dan azad agent statusunda

Romal Palmer – 25 yaşlı ingiltərəli mərkəz yarımmüdafiəçisi, “Göztəpə”dən icarəyə götürülüb

Zak Elbuzedi – 26 yaşlı irlandiyalı sağ vinger, AİK-dən, şərtlər açıqlanmayıb

Şon Holl – 16 yaşlı qapıçı, U-19 komandasından

Gedənlər:

Kiran Friman – 24 yaşlı şotlandiyalı sağ cinah müdafiəçisi, “Reyt Rovers”ə pulsuz

Ruayri Kitinq – 29 yaşlı mərkəz hücumçusu, “Kork Siti”yə pulsuz

Lyuk O’Brayen – 19 yaşlı irlandiyalı sol cinah müdafiəçisi, “Finn Harps”a icarəyə verilib

Şok Makheyl – 19 yaşlı irlandiyalı mərkəz müdafiəçisi, “Ueksford”a icarəyə verilib

Azərbaycan  və İrlandiya klubları arasında baş tutmuş oyunlar:

1. 24.07.2019. Dandolk, İrlandiya. UEFA Çempionlar Liqası. Dundalk – Qarabağ 1:1

2. 31.07.2019. Bakı, Azərbaycan. UEFA Çempionlar Liqası. Qarabağ – Dundalk 3:0

ABBAS

Shares: