Avropa Liqasında bəxtsiz şəkildə “Şerif”ə məğlub olan “Zirə” Konfrans Liqasında Slovakiyanın “DAK 1904” klubunu hər iki oyunda məğlub etməklə silkələnməyi bacardı. Rəşad Sadıqovun yetirmələri hazırkı məqamda İsrail nəhəngini mübarizədən kənarlaşdıran “Sabah”dan belə daha yaxşı formada olduğunu göstərdi.
Doğrudur, bəlkə də “Sabah”dan fərqli olaraq “qartallar” Hayfa “Makkabi”sini keçə bilməyəcəkdi. Amma istənilən halda, qəsəbə təmsilçisi avrokuboklarda keçirdiyi son 4 oyunun 3-də qalib gəlməklə imicini yüksəltdi. Özü də bu 3 qələbədən 2-si səfərdə qeydə alınıb.
İştah diş altındadır. Konfrans Liqasının qrup mərhələsi çox da uzaqda deyil. “Zirə” tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oynamaq üçün daha iki rəqibi mübarizədən kənarlaşdırmalıdır. Hazırda komandamız çətin missiya qarşısındadır. Çünki Xorvatiya nəhənglərindən sayılan “Osiyek”in öhdəsindən gəlmək üçün çox əziyyət çəkməlidir.
“Osiyek” 1947-ci ildə Xorvatiyanın şimal-şərqində yerləşən eyniadlı şəhərdə yaradılıb. “Mavi-ağlar” heç vaxt Xorvatiya çempionu olmayıb. Bu komandanın yüksək liqada ən yaxşı göstəricisi 2021-ci ildə 2-ci yer olub. Bununla yanaşı, “Osiyek” 8 dəfə Xorvatiya çempionatının bürünc medallarını qazanıb ki, bunların da sonuncusu 2021/22 mövsümünə təsadüf edib. “Ağ-mavilər” cəmi 1 dəfə ölkə kubokunun qalibi olub, onu da 1998/99 mövsümündə bacarıblar. Sonuncu dəfə 2021/22 mövsümündə ölkə kubokunun finalında görünüblər ki, onda da Zaqreb “Dinamo”suna 1:3 hesabı ilə uduzublar.
Ümumiyyətlə, “Osiyek” Yuqoslaviya dağıldıqdan sonra Xorvatiya futbolunun say-seçmə klublarından olsa da, titul qazanma məsələsində nəinki “Dinamo”, hətta “Hayduk”, “Rieka” və “Zaqreb”dən geridə qalır.
Bütün bunların fonunda “Osiyek” həmişə gənc futbolçuların inkişafına xüsusi diqqət yetirib. Bu klubun akademiyasına söz ola bilməz. Təbii ki, klubun yetirşdirdiyi oyunçular arasında dünya ulduzu Davor Şukeri unuda bilmərik. O bu klubda ucaldıqdan sonra “Dinamo”ya keçmiş, oradan da “Real” yolunu tutmuşdu. Şukerlə yanaşı, Xorvatiya millisinin aparıcı müdafiəçilərində olan Domoqoy Vida da “Osiyek”in yetirməsidir. Siyahını uzatmaq da olar…
“Osiyek”in avrokuboklardakı çıxışlarına nəzər salmalı olsaq, onların heç vaxt qrup mərhələsində oynamadıqlarını xüsusi vurğulamalıyıq. Sadəcə, ara-sıra qismən iddialı komandaları mübaridən kənarlaşdırıblar. Buna misal olaraq 2000-ci ildə “Rapid” və “Anderlext”, həmçinin 2017-ci ildə PSV-ni nümunə gətirmək olar. Son 7 ildə isə müntəzəm olaraq avrokuboklara yollanıblar. Ötən mövsüm UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində hər iki oyunda Macarıstanın “Zalaegerseq” klubunu məğlub etdikdən sonra növbəti mərhələdə “Adana Dəmirspor”la bacarmamışdılar. Səfərdə Türkiyə təmsilçisinə 1:5 hesabı ilə məğlub olsalar da, evdə 3:2 hesabı ilə qalib gəlmişdilər. Bu mövsüm isə “Zirə”yə qədər Estoniyanın “Levadiya” klubundan üstün olublar. Evdə tallinliləri 5:1, səfərdə isə 1:0 hesabı ilə məğlub ediblər.
Ötən “futbol ili”ndə Xorvatiya çempionatında 16 qələbə, 9 heç-heçə və 11 məğlubiyyətlə 57 xal toplayaraq 4-cü yeri tutan bu komanda mövsümlərarası fasilədə ciddi dəyişikliklərə məruz qaldı. Hərçənd komanda transfer bazarında “qara qəpik” də qazana bilmədi. Dərin təfsilata keçməkdənsə, siyahıya nəzər salmaq kifayətdir:
Stefanos Evangelu – 26 yaşlı yunanıstanlı mərkəz müdafiəçisi, “Zalaegerseg”ə pulsuz
Slavko Braliç – 31 yaşlı xorvatiyalı mərkəz müdafiəçisi, “Tsele”yə pulsuz
Nikola Yanyiç – 22 yaşlı monteneqrolu sağ vinger, “Sutyeska”ya pulsuz
İvan Bakoviç – 21 yaşlı xorvatiyalı mərkəz hücumçusu, “Şibenik”ə pulsuz
Luka Bariç – 19 yaşlı xorvatiyalı dayaq yarımmüdafiəçisi, “Tsibaliya”ya icarəyə
Antun Damyanoviç – 19 yaşlı xorvatiyalı sol vinger, “Tsibaliya”ya icarəyə
Vinko Petkoviç – 28 yaşlı xorvatiyalı sol vinger, hazırda klubsuzdur
Şime Qrjan – 30 yaşlı xorvatiyalı sağ cinah müdafiəçisi, hazırda klubsuzdur
Amma 3 il əvvəl çempionatda 2-ci yeri tutduqdan sonra ardıcıl 2 mövsüm 3-cü pillədə qərarlaşan, may ayında isə liqanı 4-cü sırada başa vuran bu komanda hazırda qarşısına ciddi hədəflər qoyub. Ona görə də bu yay 2 transferə pul xərcləyiblər. Amma azad agent statusu əldə edən oyunçulara da “qarmaq atıblar”. Üstəlik icarədən əldə etdikləri də var:
Luka Yeleniç – 24 yaşlı xorvatiyalı mərkəz müdafiəçisi, “Varajdin”dən 800 min avroya
Marko Soldo – 20 yaşlı xorvatiyalı dayaq yarımmüdafiəçisi, Zaqreb “Dinamo”sundan 400 min avroya
Rikuenio Keval – 22 yaşlı niderlandlı sağ vinger, “Alkmaar”dan azad agent statusunda
Kemal Ademi – 28 yaşlı isveçrəli mərkəz hücumçusu, “Lütsern”dən azad agent statusunda
Nikola Çavlina – 22 yaşlı xorvatiyalı qapıçı, Zaqreb “Dinamo”sundan icarəyə
Andre Duarte – 26 yaşlı portuqaliyalı mərkəz müdafiəçisi, “Recana 1919″dan azad agent statusunda
Pedro Lima – 21 yaşlı braziliyalı mərkəz yarımmüdafiəçisi, “Palmeyras”dan icarəyə
+ “Osiyek”in U-19 komandasından xorvatiyalı mərkəz müdafiəçisi Kreşimir Vrbanats
Yeni mövsümə oktyabr ayında 40 yaşını qeyd edəcək Federiko Kopitelli ilə daxil olan “ağ-mavilər” hələ ki pis təsir bağışlamır. İtaliyalı baş məşqçi karyerası ərzində ancaq öz ölkəsinin klublarının U-17 və U-19 komandalarını çalışdırıb. O, 2011-15-ci illərdə “Roma”nın aşağı yaş qruplarında işləyib. Daha sonra “Frosinone”, “Torino” və “Leççe”nin U-19 komandalarını meydana çıxarıb. Elə Xorvatiyaya da Leççedən gəlib. Bu günə qədər aşağı dəstə təmsilçilərindən olan “İmoleze”də işləməyə imkan tapıb, orada da baş məşqçi kimi bir neçə ay qalıb. Hazırda yeni və karyerasında ilk ciddi klubunda işləri heç də pis getmir. “Levadiya”nı hər iki oyunda məğlub etmələrindən danışdıq. Ona qədər də 4 yoxlama oyunu keçiriblər ki, bu görüşlərdə 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə yadda qalıblar. Məğlub olduqları komanda isə “Zirə”nin mübarizədən kənarlaşdırdığı “DAK 1904” klubu olub – 2:3. Bu, adama ümid verməyə bilməz.
“Osiyek”in heyətinə nəzər salanda orada perspektivli xorvat oyunçularla yanaşı yüksək səviyyəli legionerləri də görürük. Bu legionerlərin arasında isə Ermənistan millisinin mərkəz müdafiəçisi Styopa Mkrtçyan da var. 21 yaşlı futbolçu ötən mövsüm burada icarə əsasında çıxış etdikdən sonra bu yay komandanın tamhüquqlu üzvünə çevrildi. Özü də Kopitelli onu meydana start heyətində buraxır.
Dığanı bir kənara qoyub, digər təhlükəli futbolçularına nəzər salaq. Rəşad Sadıqov “Osiyek”i saxlamaq istəyirsə, birinci argentinalı mərkəz hücumçusu Ramon Mierezi zərərsizləşdirməlidir. 2021-ci ildən bu komandada çıxış edən 27 yaşlı forvard bugünə qədər Xorvatiya klubunda 94 oyun keçirib və 34 qol vurub. O, evdə “Levadiya” ilə oyunda het-trik etməklə komandasının mərhələ adlamasında böyük rol oynadı.
2022/23 mövsümündə “Şerif”in heyətində parlayan braziliyalı sağ cinah müdafiəçisi Renan Gedeşdən də ehtiyat etmək lazımdır. Həmin cinahda hücumameyilli xorvatiyalı Anton Matkoviç də təhlükəlidir. Komandanın 34 yaşlı “dispetçer”i Vedran Yuqoviçə ayrıca diqqət ayırmaq lazımdır. O, hazırda “Osiyek”in düşünən beynidir. 25 yaşlı isveçrəli sol cinah hücumçusu Petar Puşiç “Zirə” müdafiəçilərinin əsəbləri ilə oynayacaq.
Bir sözlə, rəqib təhlükəlidir. Amma “Şerif”lə Bakıdakı oyundakı kimi səhvlərə yol verməsək, onları mübarizədən kənarlaşdırmaq mümkündür.
Azərbaycan və Xorvatiya klubları arasında baş tutmuş oyunlar:
1. 17.07.2007. Bakı. UEFA ÇL seç. mər. Xəzər-Lənkəran – Dinamo Zaqreb 1:1
2. 24.07.2007. Zaqreb. UEFA ÇL seç. mər. Dinamo Zaqreb – Xəzər-Lənkəran 1:1 -ə.v. 3:1
3. 13.07.2011. Zaqreb. UEFA ÇL seç. mər. Dinamo Zaqreb – Neftçi 3:0
4. 19.07.2011. Bakı. UEFA ÇL seç. mər. Neftçi – Dinamo Zaqreb 0:0
5. 10.07.2012. Avstriya. Yoldaşlıq oyunu. Neftçi – Dinamo Zaqreb 1:0
6. 19.10.2012. Xorvatiya. Yoldaşlıq oyunu. Yadren – Azərbaycan (U-21) 0:3
7. 25.01.2014. Antalya. Yoldaşlıq oyunu. Simurq – Draqovolyats 2:0
8. 15.01.2015. Antalya. Yoldaşlıq oyunu. Split – Azərbaycan (U-17) 4:0
9. 17.01.2015. Antalya. Yoldaşlıq oyunu. Split – Qarabağ 3:1
10. 28.10.2016. Nyiredxaza, Macarıstan. UEFA Region Kuboku. Zaqreb – Şərur 3:0
11. 28.06.2018. Murska Sobota, Sloveniya. Yoldaşlıq oyunu. Qəbələ – Dinamo Zaqreb 0:2
12. 22.05.2019. Sloveniya. Yoldaşlıq oyunu. Slaven Belupo-2 – Azərbaycan (U-21) 1:1
13. 14.09.2022. Split. UEFA Gənclər Liqası. Hayduk (U-19) – Qəbələ (U-19) 3:0
14. 04.10.2022. Qəbələ. UEFA Gənclər Liqası. Qəbələ (U-19) – Hayduk (U-19) 1:2
15. 16.07.2024. Tirol, Avstriya. Yoldaşlıq oyunu. Qarabağ – Slaven Belupo 1:0
FƏRİD
P.S.: “Qarabağ” bu mövsüm ÇL-də “Ludoqorets”i keçsə, digər Xorvatiya klubu “Dinamo”(Zaqreb) ilə pley-offda qarşılaşacaq.