“Osiyek”in hücumçusu Anton Matkoviç Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Zirə” ilə evdə 1:1 hesablı heç-heçə etdikləri oyunu dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmada ilk qolun müəllifi olan 18 yaşlı forvard qələbəyə layiq olduqlarını bildirib: “Bu, bədbəxtlik, hətta deyərdim ki, idman ədalətsizliyidir. Hakimin əlavə etdiyi vaxtla birlikdə 95 dəqiqə ərzində mübarizəni dayandırmadıq. Son dəqiqədə qol buraxdıq. İndi daha ağıllı və hiyləgər ola, vaxt “öldürə” biləcəyimizi və bəzən meydanda uzanıb hesabı qoruya biləcəyimizi danışmaq asandır. Kiminsə əleyhinə nəsə demək olar. Səfərdə aslanlar kimi mübarizə aparıb, oyunun bütün seqmentlərində rəqibi yenidən üstələyəcəyik və daha da irəli gedəcəyik”.
Matkoviç Bakıdakı cavab matçında qələbə qazanacaqlarına əmindir: “Fasilədə birinci hissədəki oyunu davam etdirmək barədə danışdıq. Meydanda isə topa yapışmağı qərara aldıq ki, rəqibin ikinci hissədə necə oynayacağını görək. Matçın sonlarında bizi bir az sıxdılar, amma xüsusi bir şey olmadı. Son saniyəyə qədər mübarizə apardıq və qalib gəlməməyimiz təəssüf doğurur. Daha bir matçımız var, Bakıya gedib, qələbə qazanaq və “Osiyek”in kim olduğunu göstərək”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 15-də keçiriləcək.