“Ludoqorets”in baş məşqçisi Georgi Dermendjiyev UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a 2:7 hesabı ilə məğlub olduqları cavab görüşünü dəyərləndirib.
Futbolinfo.az saytının məlumatına görə, mütəxəssis evdəki yenilgini özləri üçün böyük təcrübə adlandırıb.
Onun fikrincə, fərdi səhvlər hesabın belə böyük olmasına gətirib çıxarıb: “Ağır məğlubiyyət aldıq. Çoxlu səhvlərə yol verdik, erkən qol buraxdıq. Belə bir matçı təhlil etmək çətin olacaq. Sonda risk də çox yüksək idi və nəticədə çox qol vuruldu. Ümumi hesab bərabər olanda geri qayıtmağa çalışsaq da, yaxşı oynamadıq. Futbolçular avrokuboklarda qaliblər mədəniyyətini mənimsəməlidirlər. Belə görüşlərdən çox dərs çıxarmaq lazımdır, futbolçular bu cür böyüyürlər. Təəssüf ki, acı təcrübə yaşadıq. Başqa cür də ola bilərdi, ancaq reallıq budur”.
Qeyd edək ki, Bakıdakı ilk matçda “Ludoqorets” 2:1 hesablı qələbə qazanmışdı. “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlibsə, Bolqarıstan klubu mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.