Azərbaycanda uşaq futbolunun inkişaf etdirilməsi istiqamətində son illər vacib işlər həyata keçirilir. Xüsusilə bölgələrdə futbol akademiyalarının yaradılması buna nümunədir.
Həyata keçirilən layihələr, festivallar, yarışlarla bu idman növünün regionlarda populyarlaşmasına, kütləviliyin artırılmasına şərait yaradılır. Bununla bərabər, təməli möhkənləndirmək üçün bir sıra futbol ənənələri olan şəhər və rayonlarda akademiyalar təsis edilir. Bu akademiyaların yaranması qonşu rayonlarda futbolla məşğul olan uşaqların bu akademiyalara üz tutmasına gətirib çıxarır.
Yevlaxdan olan uşaqların da ən böyük arzusu akademiyaların təşkil etdiyi seçimlərdə iştirak edərək sınaqdan üzüağ çıxmaqdır.
Valeh Mirzəliyev (məşqçi): “Bizim bölgədə də futbol akademiyaları fəaliyyyət göstərir. Gəncə, Tovuz və Qəbələ rayonlarında fəaliyyət görsədən akademiyalarının seçimlərinə bizdən də uşaqlar yollanıblar.Onlardan artıq 5-i seçimlərdən uğurla keçərək akademiyalarda futbolun sirrlərii dərindən öyrənəcəklər. Düşünürəmki gələcəkdə belə akademiyaların sayı regionlarda daha artacaq”.
İbrahim Əlizadə (futbolçu): “Seçimlərə atamla gedəcəm. Hücum mövqeyində oynayıram. Düşünürəm ki, seçimlərdə özümü yaxşı göstərib seçilərəm”.
Elvin Süleymanov (futbolçu): “Akademiyaların birində təhsil almaq ən böyük arzumdu. Hədəfim gələcəkdə milli komandalara düşməkdir”.
Ümumiyyətlə, son illər futbolun bölgələrdə inkişafına daha çox diqqət yetirilir. Bir sıra akademiyalar yaradılıb, indi isə AFFA onların davamlı fəaliyyəti üçün çalışır. Gəncə və Tovuz akademiyaları assosiasiya tərəfindən idarə olunur, Qəbələ akademiyasına isə bu ildən xüsusi qayğı var.
BƏHRUZ MUSAYEV, YEVLAX
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu