“Bu nəticəni gözləmirdim. İnanmırdım ki, bu cür hesab qeydə alınar”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın sabiq bolqarıstanlı futbolçusu Simeon Slavçev deyib.

Yarımmüdafiəçi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə “Qarabağ”ın səfərdə “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldiyi matçdan danışıb. Slavçev bu komandalar arasında baş tutan ilk görüşü Razqard klubununun baş məşqçisi Georgi Dermençievin aktivinə yazsa da, ikinci görüşdə Qurban Qurbanovun məharətini göstərdiyini düşündüyünü bildirib: “Bakıda Dermençiev taktiki olaraq qalib gəldi. Həmin matça komanda daha yaxşı hazırlaşmışdı. İkinci görüşdə isə Qurban Qurbanov qələbə üçün hər şey etdi. Açıq-aşkar “Qarabağ” meydanda daha yaxşı komanda idi. Azərbaycan klubunun futbolçuları hər şeyi dəqiqliklə yerinə yetirirdilər və yaxşı çıxış edirdilər. Məncə, bu qələbəni taktiki olaraq Qurbanovun aktivinə yazmaq olar. O, çox ağıllı qərarlar verdi. Bunu təkcə nəticəyə görə demirəm, çünki “Qarabağ” doğrudan fərqli çıxış etdi. Oyunçular meydanda böyük iş gördülər”.

Hazırda Sofiya “Lokomotiv”ində çıxış edən 30 yaşlı Slavçev 2018-ci ilin yayından 2020-ci ilin yanvarınadək “Qarabağ” forması geyib.

Shares: