“Apollon” – “Qəbələ” matçının sonunda yaşanan gərginliyin səbəbkarı azarkeşlər olub. Daim çılğınlığıyla seçilən, buna görə dəfələrlə komandaları cəzalandırılan kiprlilər yenə ənənəsinə sadiq qalıb.
Bir neçə il öncə “Neftçi” APOEL-i səfərdə yenəndə də oxşar olaylar yaşanmışdı. O zaman hər şey tribunalarda qalmışdısa, bugünkü oyunda azarkeşlər meydançaya axışmağa çalışıb, meydana kənar əşyalar atıblar. Onlar son dəqiqələrdə hakimin “Apollon”un qapısına penalti təyin etməsinə görə belə edib.
Bəlkə də, penalti bir qədər ağır qərar idi. Amma elə epizod idi ki, heç kim hakimi qınaya da bilməz. Çünki rəqib topa yürüyən “Qəbələ” oyunçusunu açıq-aşkar yerə sərdi. Bunun matçın son dəqiqələrində olması isə azarkeşlərin özündən çıxmasına səbəb oldu. Yan xətt hakiminin baş hakimə yardım etməməsi, meydan sahibi futbolçuların çılğın etirazı da tribunadakıların fəallığını artırdı.
Oyunda kiçik fasilə yaranandan sonra yerinə yetirilən penalti dəqiq oldu – 1:1. Ürfan Abbasovun səhvindən sonra hesabı açan meydan sahibləri həmin qol epizodu istisna olmaqla, ciddi heç nə ilə yadda qalmadı, əvəzində “Qəbələ” rəqibini aşkar üstələdi. Dəfələrlə şansını boşa verən təmsilçimizin bu matçda uduzması ədalətsiz olardı.
İstənilən halda, “Qəbələ” layiq olduğu qolu vurdu. Ancaq Cavid Hüseynovun sevincini çılğınca, bir az da qeyri-etik yerinə yetirməsi isə azarkeşlərin yenidən fəallaşmasına səbəb oldu. Hadisələrin məcradan çıxacağını görən hakimlər briqadası oyunu dayandırıb, komandaları soyunub-geyinmə otağına göndərməyi lazım bildi. Yalnız əsəblər sakitləşəndən sonra matçın oynanılmayan 3 dəqiqəsi baş tutdu və “Qəbələ” vətənə sərfəli nəticə ilə qayıdır.
Futbolinfo.az Kiprdə olan hakim oyunu erkən dayandırıb paltardəyişmə otağına yollanarkən başverənlərlə bağlı məlumat əldə edib. “Qəbələ” rəsmilərinə inansaq, orada rəqib tərəf həm bizim oyunçulara, məşqçilərə, ümumiyyətlə, nümayəndə heyətinə, həmçinin hakimlərə qarşı aqressivlik nümayiş etdirib. Amma qarşıdurmanın böyüməsinə təhlükəsizlik xidmətinin işçiləri imkan verməyib.