Zaqreb “Dinamo”sunun prezidenti Velimir Zayeç komandasının UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, Xorvatiya klubunun pley-off mərhələsində “Qarabağ”la keçirdiyi cavab matçı üçün Bakıya gələn futbol funksioneri qazanılan qələbə ilə bağlı sosial şəbəkədə paylaşım edib.

O, əsas mərhələyə yüksəlməyin sevincini yaşadığını bildirib: “Oyunçulardan, məşqçilərdən, peşəkar heyətdən başlayaraq klubdakı hər kəsi və bütün əməkdaşları böyük uğur və Çempionlar Liqasına vəsiqə qazanmağımız münasibətilə təbrik edirəm. Xüsusi arzum odur ki, Sergey Yakiroviç Çempionlar Liqasında mənim məşqçilik rekordumu üstələsin və 7 xal toplasın”.

“Dinamo” “Qarabağ”ı Zaqrebdə 3:0, Bakıda isə 2:0 hesabı ilə məğlub edərək, Liqa mərhələsinə adlayıb.

Qeyd edək ki, Velimir Zayeç 1998-ci ildə, “Dinamo” Çempionlar Liqasının qrupunda ilk dəfə çıxış edəndə komandanın baş məşqçisi olub. Həmin vaxt qrupun ilk 3 turunda 1 xal topladıqdan sonra Çiço Krançar istefaya göndərilib, baş məşqçi postuna Zayeç gətirilib. Komanda onun rəhbərliyi altında növbəti üç görüşdə 6 xal toplamış və 7 xalla qrupda ikinci yeri tutmuşdu.

Shares: